<b>Final matçının Bakıda keçirilməməsi ilə bağlı kampaniyaya <span style="color:red;">Deputatdan ETİRAZ </b>
13 may 2019 12:30 (UTC +04:00)

Final matçının Bakıda keçirilməməsi ilə bağlı kampaniyaya Deputatdan ETİRAZ

“Bakıda 29 mayda Londonun “Arsenal” və “Çelsi” klubları arasında futbol üzrə Avropa Liqasının finalı keçiriləcək. Son günlər Britaniya mətbuatında finalın Bakıda keçirilməsinə qarşı kampaniya aparılmağa başlayıb”.

Lent.az xəbər verir ki, bu sözləri baş verən hadisələrə şərh verərkən Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, belə kampaniyalar ilk dəfə deyil ki, Azərbaycana qarşı aparılır:

“Daha əvvəllər də 1-ci Avropa Olimpiya oyunları, Formula 1, gimnastika, şahmat, güləş, boks üzrə beynəlxalq yarışlar və s. zamanı ölkəmizə qarşı belə qarayaxma kampaniyaları aparılsa da, bu cür mötəbər yarışlar adətən yüksək səviyyədə keçirildi.
Bu dəfə olan kampaniyanı təhlil etdikdə cavabları olan suallardan tutmuş absurd iddialara qədər müxtəlif yanaşmalar görmək mümkündür. Əsasən isə bu məsələlər qabardılır:
1) Bakı uzaqdır, səyahət etmək çətindir,
2) Viza almaq mürəkkəbdir,
3) Gecələmə bahadır,
4) Şəhərdə gəzmək təhlükəlidir,
5) Terror aktları təhlükəsi var,
6) Henrix Mxitaryan problemi”.

Deputat qeyd edib ki, 2 il öncə UEFA-nın İcraiyyə Komitəsi finalın keçiriləcəyi şəhəri Bakı olaraq seçərkən kimsə finalda hər iki tərəfin İngilis komandaları olacağını bilmirdi:

“Bakı Londondan 4000 km və 5 saatlıq uçuş məsafəsində yerləşir. Gündə 1 reys var və ya İstanbul, Moskva və digər şəhərlərdən əlaqəli reyslərlərlə uçmaq lazımdır. İngilis futbol sevərlərinin bu qayğısını anlamaq olar. Amma bu çətinliyin dəf olunması üçün AZAL tərəfindən 40-dan çox çarter reysləri planlaşdırılır və digər aviasiya şirkətləri ilə danışıqlar aparılır. Bundan başqa vizaların alınması ilə bağlı iddialar isə əsassızdır, “ASAN” elektron viza sistemi ilə istənilən xarici şəxs 3 saat ərzində viza ala bilər.
Final görüşləri zamanı otel qiymətlərinin qalxması isə bütün şəhərlərdə müşahidə olunur. Bakıda artıq kifayət qədər sayda otellər tikilib ki, bunun da tənzimlənməsi üşün imkanlar mövcuddur.
Dördüncü məsələ Azərbaycan və Bakı şəhəri ictimai təhlükəsizliyin dünyada ən yaxşı təmin olunduğu şəhərdir. Hər il Azərbaycana gələn turistlərin sayında artımın olması və ölkədə bütün din, irqlərə qarşı dözümlülüyün olması bunu deməyə imkan verir.
Terror təhlükəsinin olması barədə olan iddialar da absurddur. Bakıda son terror hadisəsi 1994-cü ildə olub. Bu cəhətdən Bakı, Brüssel, Paris və Londondan kifayət qədər sakit şəhərdir. London küçələrində bıçaqlama, avtomobillə törədilən terror hadisələri artıq adi hal alıb. 
Sonuncu məsələdə isə Arsenalın oyunçusu Mxitaryan ilə bağlı olan problem təkcə onun erməni milliyəti ilə bağlı deyil. Ermənilər dəfələrlə Bakıda olublar, hətta mükafatlara da sahib çıxıblar. Heç bir təhlükəsizlik problemi də yaşanmayıb. Amma Mxitaryan 3 dəfə qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, separatistlərin “başçısı” ilə görüşüb, yəni siyasi fəaliyyətlə məşğul olub. Amma bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti bütün iştirakçılar kimi, onun da təhlükəsizliyinə təminat verib”.

T.Mirkişili son olaraq deyib ki, həm Arsenal, həm də Çelsi komandaları artıq 1 dəfə Bakıda oyun keçiriblər:

“İngilis futbolsevərləri də Bakıda olublar. Digər tərəfdən final oyunları yalnız ingilislər üçün deyil, bütün Avropa futbolsevərlərinin izləməsi üçün təşkil olunur. Bu cür qarayaxma kampaniyaları Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələrin uğursuz cəhdləridir. Əminəm ki, Bakıda keçirilən Avropa Liqasının finalı digər beynəlxalq yarışlarda olduğu kimi maraqlı, təhlükəsiz və yaddaqalan olacaqdır”.

 

# 1184
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar