<span style="color:red;">Bakıda BÖYÜK FIRILDAQ : "təkərə düşməyin" - <span style="color:red;">REPORTAJ
07 may 2019 14:52 (UTC +04:00)

Bakıda BÖYÜK FIRILDAQ: "təkərə düşməyin" - REPORTAJ

“Əvvəllər günə 6-7 alıcımız olurdusa, indi tək-tük adam tapanda sevinirik. Alıcılar yeni təkərlərin baha olmasından şikayətlənirlər. Buna görə də daha çox işlənmiş məhsul almağa üstünlük verirlər”.

 

Bunu təkər satışı ilə məşğul olan Mehdi Quliyev deyib.

Lent.az-ın müxbiri Nizami rayonunda yerləşən “Maşın Bazarı” adı ilə tanınan ərazidə təkər satışı ilə bağlı vəziyyəti öyrənməyə çalışıb.

 

“Maşın Bazarı” illər əvvəlki dövrünü şamla axtarır desək yanılmarıq. Çeşid çox, alıcı yox səviyyəsindədir. Bazar günü olmasına baxmayaraq bazarda demək olar ki, heç kim yoxdur. Satıcıların bəziləri nərd oynayır, bəziləri də gündən qorunaraq kölgəyə çəkiblər.

 

“Polkaları”nın yanından keçən zaman “təkər lazımdır, ən ucuz yeri bizdədi” deyə səslənirlər.

 

Bazarda isə qiymətlər müxtəlifdir. Brend sayılan firmaların yeni təkərləri qiymətləri “əl yandırır”. Bu firmaların 1 komplekt (4 ədəd) təkərin yenisinin qiyməti 1200-3600 manat arasında fərqlənir.

Ukrayna, Qazaxıstan, Rusiya istehsalı olan təkərlər nisbətən Almaniya, Yaponiya, Türkiyə təkərlərindən ucuzdur. Lakin keyfiyyət baxımından onlardan çox aşağıda qalır.

 

Bazarın ən ucuz təkərləri məhz Çin istehsalı olanlardır. 200 - 250 manata 1 komplekt təkər almaq mümkündür.

 

İşlənmiş təkərlər isə müxtəlif qiymətlərə müştərilərə təklif olunur. Bu məsələ ilə bağlı bir qədər sonra...

 

Təkər satışı ilə məşğul olan Kərim adlı satıcı deyir ki,  alıcıların zəif olması mövsümlə əlaqədədir:

 

“ Yazın sonları, yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Təkərin ən yaxşı satılan vaxtı payızın sonu, qış aylarıdır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə "mayamızdan yeyirik". Təkərləri ən çox Gürcüstandan gətiririk. Bu bazardakı satıcıların demək olar ki, 90 faizi gürcüstanlıdır. Orada qiymətlər olduqca münasibdir. Lakin həmən təkərləri bura gətirənə qədər çox çətinlik çəkirik. Gömrük xərcləri çoxdur, üstəgəl əlavə xərclər gəlir. Xərcimiz qazancımızdan artıqdır. Manatın dəyərinin azalmasından sonra isə heç Gürcüstandan da mal gətirmək sərf etmir. Gömrük və yol xərclərini hesablayanda qiymət qalxır”.

 

“Mercedes” markalı avtomobilinə təkər almaq istəyən alıcı Asəf qiymətlərdən çox narazıdır: “ 16 –lıq təkər axtarıram. Təzə təkərə imkan edə bilmirəm. Normal təzə təkər 300-400 manat edir. Məcburam işlənmiş təkər alam. Yaxşısını axtarıram. Çünki, bir də görürsən təkər yaxşıdır, naxışları yerindədir. Amma istehsal tarixinə baxırsan ki, çox köhnədir. Satıcılar yalandan tərifləyir, amma təcrübəliyəm deyə hamısına baxıram”.

 

Asəf həmçinin deyib ki, bazarda köhnə təkərləri təmir edib satanlara da rast gəlib: “Mənə də  bir neçə dəfə təzə adı ilə işlənmiş təkərləri satmaq istəyiblər. Baxırsan ki, təkər təzə görünür, naxışları yerindədir. Diqqətlə baxanda isə təkərdəki rezinin qalınlığının az olduğunu görmək mümkündür. Bax bunu da deyirəm ki, alıcılar aldanmasın, bu bicliyin yolunu öyrənsinlər”.

 

 

Bazarın daha bir satıcısı Nahid deyir ki, köhnə təkərləri təmir edib satan şəxslər onların alverinə ziyan vurur: “ Həmin şəxslər bizim də bazarımızı öldürüblər. Sexləri qıraq yerlərdədir. Köhnə təkərləri müxtəlif yollarla təmir edib, az işlənmiş təkər adı ilə ucuz qiymətə satırlar. Həmin şəxslər istifadəyə yararsız təkərləri xüsusi aparat vasitəsilə naxışlar açır və dərinləşdirirlər. Müxtəlif yağlar və dərman vasitələri ilə qaraldılmış təkərlərdə dərin naxışlar edirlər. Bu da təkərdən az başı çıxan müştəriləri aldadır. Elə “dələduz”lar həm bizim bazarımızı öldürülər, həm də alıcıların həyatını riskə atırlar”.

# 4675
avatar

Səlcuq Elçin

Oxşar yazılar