<b>Spamın ad günü - <span style="color:red;">İlqar Əlfi yazır </b>
03 may 2019 13:32 (UTC +04:00)

Spamın ad günü - İlqar Əlfi yazır

Bu gün internetdə elektron poçt sahiblərinin əsl başağrısına çevrilmiş spamın ad günüdür. Abonentlərin razılığı olmadan onlara göndərilən ilk bezdirici reklam 1978-ci il, may ayının 3-də yayılıb. 
 
İlk spamı 41 il qabaq Amerikanın DEK adlı elektron texnika istehsalçısı 400 şəbəkə istifadəçisinə özünün mini-kompüterlərini reklam etmək məqsədilə göndərmişdi. O vaxt indiki İnternet olmasa da, “Arpanet” adlı bir şəbəkə vardı və spam onun vasitəsilə yayılmışdı. İndi nə o şirkət var, nə də o şəbəkə, amma spam yaşayır. 
 
Lakin, yalnız keçən əsrin 90-cı illərində, internet geniş yayılandan sonra dünya bu “təbii fəlakətin” əsl miqyasını təsəvvür etməyə başladı. Elektron zir-zibilə “təbii fəlakət” adını 1993-cü ildə “Usenet”in sistem adminstratoru Coel Fer qoydu.
 
 
Otuz il bundan əvvəl  Tim Berners-Li bu gün dünyanı hörümçək toru kimi əhatə edən internet şəbəkəsini ixtira etdi. İki il qabaq isə bəşəriyyətə qlobal internetin problemləri barədə məşhur müraciətini yaydı. Müraciət bu sözlərlə başlayırdı: 
 
“Mən qlobal internet şəbəkəsini açıq platforma kimi təsəvvür edirdim. Elə bir platforma ki, harda olmağımızdan asılı olmayaraq, hamımıza geniş imkanlardan bəhrələnmək, coğrafi və mədəni sərhədləri aşmaq imkanı verir. İndi, internetin azadlığı uğrunda zaman-zaman mübarizə aparmalı olsaq da, müasir qlobal şəbəkə mənim ümidlərimi əsasən, doğruldur. Lakin son zamanlar yeni tendensiyalar gördüyümdən çox narahatam. Məncə, indi internet şəbəkəsində hamılıqla mübarizə aparmalı olduğumuz çox şeylər var. Onları özbaşına buraxsaq, şəbəkə öz potensialını və hədəflərini realizə edə bilməyəcək. Hədəf isə yalnız budur: ümumbəşəri maraqlara xidmət edən faydalı bir alət olmaq.”
 
Tim Berners-Li qlobal şəbəkədən qaynaqlanan problemləri də müəyyənləşdirir. Bu problemlər əsasən, aşağıda sadalayacağımız faktorlardan qaynaqlanır:
 
-Biz personal məlumatlarımız üzərində nəzarəti tam itirmişik. Çünki, bir çox saytların biznes-modeli personal məlumatlarımız müqabilində, bizə pulsuz kontent təklif edir və çoxumuz bununla razılaşırıq. Beləliklə, bizim barəmizdə olan özəl məlumat özgə əllərə düşür və onun üzərində nəzarəti tam itiririk. 
 
-Şəbəkədə yalan məlumat yaymaq çox asandır. Bu gün insanların əksəriyyəti informasiyanı bir-neçə sosial şəbəkə və müxtəlif axtarış sistemləri vasitəsilə internetdən alır. Saytlar bu zaman bəlli alqoritmlərdən istifadə edərək, bizə müəyyən kontent təklif edir və bu yolla istənilən yalan dəhşətli sürətlə yayılır. Bununla da, bədniyyət insanlar olmayan insanlar siyasi, yaxud maddi mənfəət əldə edirlər.
 
-Siyasi onlayn-reklam şəffaf və aydın olmalıdır. İndi isə bu qəbil reklamlardan sui-istifadə olunur, insanlar aldadılır. İndi siyasi onlayn-reklam mürəkkəb bir industriyaya çevrilib. Biz məlumatı şəbəkədəki bir-neçə platformadan aldığımıza görə, getdikcə mürəkkəbləşən alqoritmlər üçün şəxsi məlumatlarımız bəllidirsə, deməli, birbaşa istifadəçiyə yönələn siyasi reklamlar hazırlanır. Məsələn, Amerikada 2016-cı ilin prezident seçkilərində “Facebook”da hər gün 50 000 müxtəlif variantlı siyasi reklamdan istifadə olunurdu. Bu vəziyyət ona səbəb olur ki, istifadəçinin zövqündən asılı olaraq, eyni subyekt barədə əhalinin müxtəlif qruplarına fərqli, hətta ziddiyətli informasiya verilir və nəticə demokratiyadan çox uzaq olur.  
 
Müraciətinin sonunda Tim Berners-Li belə bir nəticəyə gəlir ki, bu mürəkkəb promlemlərin həlli asan olmayacaq. Lakin, inkişaf üçün yollar artıq aydındır. Adi istifadəçilərlə bir yerdə, Veb-şirkətlər də insanların özəl məlumatları üzərində nəzarəti özlərinə qaytarmaq uğrunda mübarizə aparmalıdırlar. Yalan informasiyalara hamılıqla müqavimət göstərilməlidir, GOOGLE və FACEBOOK kimi böyük şirkətləri bu promlemlə mübarizəyə həvəsləndirmək lazımdır. İstifadə olunan alqoritmlərin necə işlədiyini hamı anlasın deyə, bu sahədə tam şəffaflıq tələb edilməlidir və insan öz həyatına təsir edəcək qərarların necə qəbul olunduğunu bilməlidir. 
Məşhur müraciətinin axırında Tim Berners-Li deyir ki, interneti mən ixtira etsəm də, onun bügünkü vəziyyətə düşməsində sizin “xidmətləriniz” də az deyil və bu gün hamımızın görmək istədiyi interneti də hamılıqla yaratmalıyıq - İnternet hamı üçün olmalıdır. 
 
# 763
avatar

İlqar Əlfi

Oxşar yazılar