<b>"13 günahsız gəncin həyatı yarımçıq qaldı..." - <span style="color:red;">ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR </b>
30 aprel 2019 11:28 (UTC +04:00)

"13 günahsız gəncin həyatı yarımçıq qaldı..." - ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnərək öldürülməsindən 10 il keçir.

Lent.az xəbər verir ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan silahlı şəxs qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açdı.

Həmin gün bu xəbər ildırım sürətilə yayılmışdı. Yüzlərlə insan Akademiyanın qarşısına toplansa da, heç kim içəridə olanların qarşısnı ala bilməmişdi.

Nəticədə 13 nəfər öldü, 13 nəfər yaralandı.

Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlər idi.

Hadisəni törədən  və özünü də  öldürən şəxs-1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib.

Özünü öldürdükdən sonra onun üzərindən  hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradana terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.

2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildirib.

İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

Hadisə ilə bağlı statistik məlumatları artırmaq olar. Nəticə isə dəyişməyəcək. Dəhşətli terror hadisələriu bu gün də dünyada hansısa hədəflərə çatmaq üçün istifadə olunan vasitədir.  

Lartıncadan tərcümədə qorxu, vahimə mənasını verən terrorizm haqqında birmənalı tərif mövcud olmasa da,  onun haqqında gəlinən qənaət belədir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.

Dünyada diplomatlara, dövlət adamlarına qarşı edilən terror hadsləri  də çoxdur. Amma elə bu gün də hər hansı maraqlar naminə törədilən terror hadisələrindən daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir.

ADNA-da törədilən hadisədə də eynilə zərər çəkənlər sadə insanlar-tələbələr, müəllimlər oldu. Hətta ölənlər arasında süd satan qadın da olub.

Terrorun qurbanları 18 günün gəlini, gələcəklə bağlı min-bir arzu diləyi olan gənclər oldu. Hadisədən 10 il keçsə də insanlar,  xüsusilə  həmin günün həyəcanını daha yaxından yaşayanlar öz hisslərini sosila şəbəkələrdə paylaşırlar.   

“Həmin gün keçirdiyim həyəcan və qorxunu bu gün də ifadə edə bilmirəm. Qardaşım da ADNA da oxuyurdu. Faicə onun oxuduğu korpusda, hətta dekanlıqda baş vermişdi. İşdəydim, hadisəni eşidən andan qardaşımı yığırdım açmırdı telefonu, bütün doğmalar İlqarı axtarırdıq. Ona da nəsə olub qorxusu ilə. Ancaq sonra məum oldu ki, qardaşım səhər yatıb qalıb, universitetə getməyib. Mənim qardaşım şans əsəri sağ qaldı. Amma təəssüf ki, digər qardaş və bacılarımız günahsız qurban getdilər - 13 günahsız gəncin həyatı yarımçıq qaldı. ALLAH rəhmət eləsin. Lənət olsun terrora!!!”.

Bakı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızının öz səhifəsində paylaşdığı bu hissləri qardaşı, bacısı, atası, əmisi, xalası o zaman həmin binada olan bütün insanlar yaşayır.

Terror törədən insanlar robotlaşdırılmış məxluqlardır. Və bu "kiborq"lar onları terrora hazırlayan “ağıllı” insanlardan daha az təhlükəlidirlər.

Mübarizənin  terrorçulara deyil, terroprçu zehniyyətə qarşı aparılması ümüdü ilə...

Allah ADNA terrorunda dünyasını dəyişənlərə rəhmət eləsin.

# 1165
avatar

Aygün İbrahimli

Oxşar yazılar