"Quş qripi” monitorinqi başa çatdı
01 mart 2019 13:20 (UTC +04:00)

"Quş qripi” monitorinqi başa çatdı

"Quş qripi” xəstəliyinə görə keçirilən növbəti monitorinq  martın 1-də başa çatıb.  Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirilib.

 

Verilən məlumata görə, tədbir köçəri quşların miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib.

 

Monitorinq keçirilən müddətdə Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 48 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 11 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 11 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 10 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və  Ağcabədi rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 250 baş ev quşundan qan nümunələri götürüblər.

 

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

 

Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

# 515
avatar

Aygün İbrahimli

Oxşar yazılar