700 min çay, 800 min göl, 4 nəfərlik xalq... –<span style="color:red;"> SƏBUHİ MƏMMƏDLİ YAZIR  – <span style="color:red;">II YAZI
16 may 2017 16:30 (UTC +04:00)

700 min çay, 800 min göl, 4 nəfərlik xalq... – SƏBUHİ MƏMMƏDLİ YAZIRII YAZI

- Siz buralara gələ bilərsinizmi? Burada nəinki tənha adamlar, tənha xalqlar belə yaşayır. Sibirin dərinliklərində elə türkdilli xalqlar var ki, sayları yüz nəfərlərlə ölçülür. İtib gedirlər. Sizin üçün maraqlı olmazmı?

 

Əslində, hə, bu maraq sövq elədi bu yazını yazmağa, daha doğrusu, ilkin araşdırmaya. Elə Xaqani bəyin köməkliyi ilə kiçik araşdırmadan sonra məlum oldu ki, hazırda uzaq Sibirdə sözün həqiqi mənasında nə qədər türk xalqı yaşayırmış; sayları hər gün azalan, itib-gedən bütöv xalqlar...

 

 

(əvvəli burada http://news.lent.az/news/272578)

 

Hazırda Rusiya Federasiyasının ərazisində azsaylı türkdilli xalqların say tərkibi 200 min nəfərə çatır. Bu xalqlar Şimal Buzlu okeanını sahillərindən tutmuş Amur çayının sahillərinə qədər olan ərazilərdə məskunlaşıblar.

 

Onlardan ən böyüyü isə saxalardı, saxa türkləri. Başqa cür desək, yakutlar.

Saxalar - yakutlar Rusiya Federasiyasında muxtar respublikaya da malikdirlər. Bu respublika Rusiya subyektləri arasında ərazisinin sayına görə ən böyüyüdür. Sahəsi 3 milyon 300 min kvadrat kilometr, əhalisinin sayı isə bir milyona yaxındır. Amma əhalinin ancaq 40 faizini yakutlar və başqa türkdilli xalqlar təşkil edir.

 

Saxa nəinki Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahidlərindən biridir. Bir maraqlı fakt: Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. Amma əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. Bu respublikanın bu başından o başına 2700 kilometrdir.

 

Və Saxa Respublikası dünyanın ən çox çayı (700 mindən çox çay və çaylaq) və ən çox gölü (800 mindən çox) olan regiondur. Çayların ümumi uzunluğu 2 milyon kilometrə yaxındır.

 

Saxada çoxluğu, təbii ki, yakutlar təşkil edir. Amma bu respublikanın ərazisində elə azsaylı xalq var ki, onların sayını biləndə heyrətlənəcəksiz. Söhbət

kereklərdən gedir. 2012-ci ilin siyahıyaalınmasına görə, onların sayı nə qədər olsa yaxşıdır? Vur-tut 4 nəfər.

 

Xəqani bəy deyir ki, əslində onların sayı çoxdur.

 

- Berinq boğazı ətrafında yaşayan kereklər assimilyasiya olublar. Düzdür, 5 il əvvəlki siyahıyaalmada cəmi 4 nəfər milliyyətcə özünü kerek kimi göstərib. Amma ümumilikdə sayları 150 nəfərə çatar.


***

 

2002-ci ildə professor Jukovski özünün “Rusiya xalqlarının qırmızı kitabı” monoqrafiyasında da məhz azsaylı türkdilli xalqların vəziyyətinə toxunur. Professorun yazdığına görə, Şimal Buzlu okeandan üzü cənuba doğru ən azı 28 türkdilli xalq yaşayır. Soyot adlı türkdilli xalqdan bəhs edən Jukovski yazır ki, onların dili uyğur-oğuz türk qrupuna aiddir. Əsasən balıqçılıq və ovçuluqla məşğul olan soyotların ümumi sayı indi heç 300 nəfəri keçmir.

 

Rusiya ərazisində yaşayan azsaylı xalqlardan biri də tubalardır. Sovet dönəmində tubaları yalnız 1926-cı ildə ayrıca xalq kimi qeyd etmişdilər. Altay vilayətin şimalında yaşayan bu azsaylı xalqı ruslar bir vaxtlar “qara tatarlar” da adlandırıblar. Kumandi və çelkanlar kimi türkdilli xalqlarla qohum olan tubalar indiyədək öz dillərini və mədəniyyətlərini qoruya biliblər. Digər türkdilli xalqlara nisbətən onlar qıyıqgöz deyillər, daha çox avropoiddirlər. Böyük əksəriyyəti isə sarışın və mavi gözlüdürlər. Əsasən balıqçılıq və maldarlıqla məşğuldurlar. Elə balığa da “palık” deyirlər. Bərk pendiri isə “kurut” adlandırırlar. Yəni qurut. Və ən maraqlısı, tilova nə desələr yaxşıdı? “Karmak sabı”… Maral südündən spirtli içki çəkən tubalar, onu “arak” adlandırırlar.

Sayları min nəfəri keçmir. Və əsasən də bayaq dediyim kimi, Altay respublikasında yaşayırlar. Ən çox da bu qəsəbədə, Artıbaşda…

 

Şərqi Sibirin ənginliklərində yaşayan xalqlardan biri də çelkanlardır. Sovet dönəmində çelkanların assimilyasiyası sürətlə gedib. Araşdırmalara görə, assimilyasiyaya məruz qalmasaydılar, bu gün çelkan türklərinin sayı 10 mini keçirdi.

 

Kamasinlər. Krasnoyarsk diyarının Kama çayı sahilində, Pyankovo və Abalakovo kəndlərində yaşayan kamasinlərin sayı 350 nəfərə yaxındır. XIX əsrdə pravoslavlığı qəbul edəndən sonra çox tezliklə ruslar tərəfindən assimilyasiya olunublar. 90-cı illərin ortalarında Moskvadan bu yerlərə gəlmiş etnoqraflardan biri kamasinlərin nəsillərini tapmağa cəhd edib. Nəticədə isə öz xalqı haqqında nəsə yadında qalmış, lakin doğma türk dilindən vur-tut bir neçə söz bilən bir nəfər yaşlı qadını tapa bilmişdi. Yeri gəlmişkən, kamasinləri çox vaxt karakaşlar da adlandırılar.

 

Karakaşlar arasında araşdırma aparan Vilhelm Rudolf bu xalqın türkdilli olduğunu sübut etmişdi.

 

Sibirdə yaşayan türk xalqlardan biri də yakugirlərdir. Onların da sayı dəqiq bəlli deyil.

Ənənəvi məşğuliyyətləri, balıqçılıq, maralçılıq, vəhşi heyvanların ovlanması və xizək qoşqu itlərinin yetişdirilməsidir. 2011-ci ildə yakugirlərlə bağlı Maqadan vilayəti Srednekan rayonuna təşkil edilən ekspedisiyasının iştirakçıları belə nəticəyə gəlmişdilər ki, onların ənənəvi təsərrüfat sahələri barədə anlayışları yoxdur. Kişilər ancaq boş vaxtlarında balıqçılıqla məşğul olurlar. Onlar öz adət və ənənələrini ya tam, ya da qismən unudublar. Folklorları barədə təsəvvürləri yoxdur. Yaşlı nəsil yalnız nağıl qəhrəmanlarının adlarını bilirlər. Yakugir dili yox olma təhlükəsilə üz-üzədir. 69 yakugirdən vur-tut altısı öz dilində danışa bilir.


Ob çayının Çulum hövzəsinə töküldüyü yerdə yaşayan çulumlar da kiçik türk xalqıdır. Bu xalqın ümumi sayı haqqında hələ də dəqiq məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 300 nəfərdir.

 

Elə barabinlər də onlar kimi. Novosibirsk vilayətində yaşayan bu türk xalqının dili tatar dilinə çox yaxındır. O ki qaldı digər türkdilli xalqlara, tatar və başqırdlara, tuva və xakaslara, kumık və altaylara, bu, artıq başqa bir yazının mövzusudur...

 

# 478
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar