“O, diplomat da ola bilərdi, amma elm dalınca getdi” – <span style="color:red;">PREZİDENTİN OXUDUĞU İNSTİTUTDAN YUBİLEY YAZISI
23 dekabr 2016 18:54 (UTC +04:00)

“O, diplomat da ola bilərdi, amma elm dalınca getdi” – PREZİDENTİN OXUDUĞU İNSTİTUTDAN YUBİLEY YAZISI

Lent.az-ın əməkdaşı Azərbaycan prezidentinin oxuduğu ali məktəbdən yazır

 

Andrey Kozırev, Sergey Lavrov, Vitali Çurkin… Bu adlar sizə nəsə deyirmi? Hə, müstəqil Rusiya Federasiyasının xarici işlər nazirləri, dünyanın ən böyük dövlətinin dünyanın ən böyük qurumunda, BMT-dəki nümayəndəsi. Daha neçə-neçə adlar çəkmək olar. Aralarında diplomat olanları da var, biznesə üz tutanları da, yüksək vəzifəli dövlət məmurları da. Amma aralarında bircə nəfər prezidentdir. Nəinki SSRİ-nin, diplomatik kadrlar hazırlayan dünyanın ən böyük ali məktəbinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında bircə prezident var. Və bu ali məktəbdə bu faktla fəxr edirlər. Fəxrlə danışırlar. Hətta onun tələbə biletini belə əziz xatirə kimi muzeylərində saxlayırlar...

 

...Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Rusiyanın 3 ən böyük ali məktəbindən biridir.

 

Bu ali məktəbin 4 elmi-tədqiqat institutu, 8 fakültəsi var. Hazırda universitetdə Rusiyadan və digər ölkələrdən 6000-dən çox tələbə təhsil alır. İnstitut Ginnesin Rekordlar Kitabına belə düşüb; təsəvvür edin, bu ali məktəbdə nə az, nə çox - Azərbaycan dili də daxil olmaqla 54 xarici dil öyrədilir. Dünyada başqa belə bir ali məktəb yoxdur, yəni.

 

Əsası 1944-cü ildə, SSRİ-nin xarici işlər naziri Molotovun təşəbbüsüylə qoyulmuş bu institut həm keçmiş SSRİ-də, həm də indi ən nüfuzlu ali məktəblərdən biri hesab olunur. Azərbaycan prezidenti bu ali məktəbə 1977-ci ildə qəbul olunub. Və təkcə tələbəsi də olmayıb. Elmi işini də burada müdafiə edib. Bundan başqa, bu ali məktəbdə dərs də deyib.

 

*** 

 

İçəri girmək mümkün deyil, əgər əvvəlcədən adınıza buraxılış vərəqəsi yazılmayıbsa. Raisa xanımla - institutun kitabxana müdiri Raisa Polevayanı deyirəm - vədələşdiyimiz yerdə görüşürük. Suallarımızı qaçaraq cavablandırmaq istəmir:

 

- Prezidentimiz haqda o qədər deyiləsi sözüm var ki! Bilmirəm haradan başlayım, harada bitirim.

 

O, “Prezidentimiz” sözünü xüsusi vurğuyla deyir. Və əslində, haqlıdır. Çünki İlham Əliyev bu ali məktəbi bitirən məzunlar arasında sonradan prezident olan yeganə şəxsdir.

 

Bir məqama da toxunaq. Elə prezident özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu  məzunlarının I Ümumdünya Forumunda demişdi ki, gələcəkdə biz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət və hökumət başçılarının forumunu keçirəcəyik. Hətta maraqlı bir əlavə də etmişdi: “Əgər bu məsələyə əlifba nöqteyi-nəzərindən yanaşsaq, burada da Azərbaycan irəlidədir. Hələ onu demirəm ki, soyad üzrə yanaşsaq, yenə belədir”.

 

Raisa xanım isə başqa məqamlara toxunur.

 

Deyir, tələbə Əliyevi hələ də xatırlayıram, onu unutmaqmı olar?

 

- Bu insan - baxmayaraq ki, atası SSRİ-də nüfuzlu şəxs idi - tələbələrdən seçilmirdi. Sakitcə kitabxanaya gələr, özünə lazım olan ədəbiyyatı götürər və oxuyardı. Etiraf edək ki, bizim institutun, necə deyərlər, xüsusi statusu vardı. Çox elitar ali məktəb hesab olunurdu. Və əslində də beləydi. Əksər tələbələrdən fərqli, İlham Əliyev heç vaxt Heydər Əliyevin statusundan istifadə etməzdi. Nəylə maraqlanırdı? Əsasən Böyük Britaniya ilə. Bu ölkə onu daha çox maraqlandırırdı. İngiliscə çoxlu ədəbiyyat və nəşrlər oxuyurdu. Demək olar ki, hər gün kitabxanadaydı. Bizim institut elə bir ali məktəbdir ki, oxumasaydın, ailə kimliyindən asılı olmayaraq, heç kimə güzəşt olmurdu. İlham isə ən istedadlı tələbələrimizdən idi. Kitabxanadan çıxmırdı. Elə gələcək dissertasiyasını da bu kitabxanada yazdı. Biz bunun şahidiyik. Sizə bir məqamı da deyim. O, diplomatik işə belə keçə bilərdi. Amma elm dalınca getdi, aspiranturaya daxil oldu, elmi iş yazıb müdafiə etdi.

 

“Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu mənim bioqrafiyamda çox mühüm yer tutur. Mən onun divarları arasında oxudum, işlədim və bilik əldə etdim, ən əsası isə sadiq, vəfalı dostlar qazandım. Bunlar mənim həyatımın ən gözəl illəri, tələbəlik və gənclik illəri idi”. Bu sitat Azərbaycan prezidenti İlham Əliyevə məxsusdu. Prezident “Mənim Universitetlərim” məqaləsində taleyində mühüm rol oynamış Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan  bəhs edir.

 

Təsadüfi deyil ki, Azərbaycan prezidenti ömrünün 13 ilini məhz bu universitetin divarları arasında keçirib.

1977-ci ildən 1990-cı ilə kimi... Əvvəl tələbə, sonra isə buranın əməkdaşı kimi fəaliyyət göstərib.

 

Onu oxuduğu illərdə İnstitutun rektoru olmuş Nikolay Lebedev də gözəl xatırlayır: “Heç dəyişməyib. Necə varsa, elədir”.

 

Raisa Polevaya da bu fikirdədir:

 

- Gülərüz tələbəydi. Tələbə yoldaşlarıyla da səmimi idi. Heydər Əliyev kimi nəhəngin oğlu olduğunu sezdirməzdi. Çox səmimi və təvazökar aparırdı özünü.

 

Keçmiş rektor da deyir ki, İlham Əliyev hamıyla sadə və mehriban davranırdı:

 

- Atası Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləyirdi. Amma o boyda vəzifədə olmasına baxmayaraq vaxt tapıb, İlham Əliyevin təhsili ilə yaxından maraqlanırdı.

 

Lebedevin dediyinə görə, onun namizədlik dissertasiyasının mövzusu Böyük Britaniyada Liberal Partiyası haqqında olub. Mövzunu da özü seçibmiş.

 

Elə Raisa xanım da onu vurğulayır.

 

- Böyük Britaniya ilə bağlı azı 50 kitab oxumuşdu. Hamısı da ingiliscə. Öz seçimiydi. Amma niyə Britaniya mövzusunu seçmişdi, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, mövzunu əlA bilirdi.

 

Yeri gəlmişkən, gələcək prezidentin elmi rəhbəri elə Lebedevin özü olub. Çox tələbkar alim imiş Lebedev. Nadir hallarda kiminsə elmi rəhbəri olmağa razılıq verirmiş. Ən hazırlıqlı tələbələri seçirmiş. Raisa xanımın dediyinə görə, Lebedev İlham Əliyevin elmi rəhbəri olmağa da buna görə razılıq vermişdi.

 

Maraqlıdır ki, illər keçəndən sonra belə prezident sevimli rektoru barədə Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunda belə demişdi:

 

- Bizim rektorumuz, böyük insan Nikolay İvanoviç Lebedevə xüsusi təşəkkürümü bildirmək istərdim. Nikolay İvanoviçlə xeyli, təxminən iki saat söhbət etdik və əlbəttə, mənim təhsil aldığım və Nikolay İvanoviçin rəhbərliyi altında işlədiyim illəri xatırladıq, biz xarici siyasət məsələləri, regional problemlər barədə daha çox danışdıq. Mən bir daha yəqin etdim ki, Nikolay İvanoviç nəinki müasir beynəlxalq həyat məsələlərini necə dərindən və hərtərəfli bilir, həm də baş verən bütün hadisələri çox dəqiq təhlil edir. Əlbəttə, bir daha demək istəyirəm ki, bizim dünənki görüşümüz mənə çox güclü təsir bağışladı. Onu da qeyd etmək istəyirəm ki, mənim fikrimcə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bizim bu gün qayğı ilə qoruyub saxladığımız əsas ənənələrin təməli məhz Nikolay İvanoviç Lebedevin rəhbərliyi altında qoyulmuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ölkənin aparıcı ali məktəblərindən birinə çevrilmiş, bu markanı uca saxlamışdır.

 

Prezident daha sonra başqa və həm də daha vacib məqama toxunmuşdu:

 

“Mən onu da xatırlayıram ki, Nikolay İvanoviç Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan gedəndən sonra təkcə bizim institutda deyil, bütövlükdə ölkədə heç də yaxşı olmayan dövr başlandı”.

 

Elə gənc alim İlham Əliyev üçün də çətin məqamlar idi. Heydər Əliyevin istefasından sonra bəzi ağzıgöyçəklər ona qarşı qarayaxmalar aparırdı. Gənc Əliyev üçün də çətin idi. Raisa xanım deyir ki, həmin ağır günlərdə belə, əksər müəllimləri İlham Əliyevi dəstəkləyirdilər:

 

- O, bütün imtahanlardan mətinliklə çıxdı. Bəzi dostları qorxularından onu tərk etmişdilər. Amma bütün bunlara rəğmən, onun arxasında duranlar da az deyildi. Atasını çox sevirdi. Hər yerdə çəkinmədən onu müdafiə edirdi. Yadımdadı, bura gələndə belə hamını görüşə dəvət elədi. Kinli deyildi. Hətta ona pislik etmiş şəxsləri belə yanına çağırdı. Bu da onun böyüklüyündən irəli gəlirdi.

 

Gələcək prezidentin diplom rəhbəri olmuş Natalya Kirilovna Kapitonova isə tamam başqa məqamlardan söhbət açır...

 

(Ardı olacaq) 

 

# 291
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar