Unudulmaz insan: Rafiq Babayev
28 sentyabr 2015 15:44 (UTC +04:00)

Unudulmaz insan: Rafiq Babayev

Yazı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

Folklorşünaslıq şöbəsinin müdiri, dosent,

yazıçı Rafiq Babayevə həsr olunur

 

 

Özüm üçün borc hesab edirəm onun üçün yazmağı. Ən azından mənəvi borc. Amma necə deyərlər sözün və kəlmələrin bitdiyi an bu olsa gərək. Çünki nə və necə yazmaq, içindəkiləri dilə gətirmək o qədər də asan deyil. Amma bir yerlərdən başlamaq da lazım.

 

 

Artıq son görüşümüzü heç vaxt unutmasam da, ilk görüşümüzü nədənsə xatırlamıram.

Tələbə idim, həyata yeni atılırdım, insanların yalan deyəcəyinə, haqq ədalətdən uzaq olmağına heç inanmırdım. Amma həyat reallığı bunları mənə öyrətməyə başlayırdı. Titrək bir yarpaq kimi zərif idim, zəif külək əssə ona qoşulub heç olmaq istəmədiyim yerlərə sürüklənməyə hazırdım. Sizinlə tanışlığım bu zaman başladı, əziz ustadım. Bəlkə bilərəkdən və ya bilmədən günəş kimi doğdunuz o yarpağın üzərində və o, yaşıllaşmağa, kökünə daha möhkəm sarılmağa başladı. Dəyərlərimə sahib çıxmağı mənə siz öyrətdiniz. Mübarizə aparmağı, səbirli olmağı, yalansız yaşamağın mümkünlüyünü, təmiz niyyətli olmağı, daha neçə-neçə dəyərləri.

 

Bəzən çox təəccüblənərdim ki, bu insan necə olar ki, dayanmadan, yorulmadan yazar, araşdırar. Bəlkə də ölümün vaxtsız gələcəyini bilir və tələsirdiniz.

 

O qədər işinin arasında isə həmişə, hər kəsə vaxt ayırmağı bacarırdı. Gülərüz və qayğıkeş bir sima ilə xatırlayıram həmişə onu. Yorğun gözləri ilə gülümsəyərək çox dərinlərdə hökm sürən acını ört-basdır etməyə çalışırdı. Deyəsən, bacarırdı da...

 

Gənc yaşda əsgər oğlunu  acı bir şəkildə itirmişdi, bəlkə də hər kəsə ata sevgisi ilə yanaşması doya-doya çatdıra bilmədiyi, ürəyində qalan bu sevgidən irəli gəlirdi.

Təbiiliyi, istiliyi yazılarına, əsərlərinə də köçmüşdü. Hər yazısında doğmalıq vardı. Sanki yarımçıq taleyindən yazırdı.

 

Çox kədərlidir, artıq cümlələri keçmiş zamanda qururam, çünki aramızda yoxdur. Bəlkə bir az pafoslu, bəlkə də bir az şablon çıxacaq, amma doğrudan da aramızda olmayan sadəcə cismidir. Belə yaşamaq isə hər kəsə nəsib olmur.  

 

Bir şeyi daha anladım: insanlar bu dünyadan gedəndə sənə aid bir parçanı, yəni xatirələrini də aparırlar. Heç nə əvvəlki kimi olmur, nə yeni xatirələr, nə də yeni insanlar bu boşluğu doldurur. Kim deyir ki, əvəzolunmaz insan yoxdur? Əvəzi olmayan insanlar var hər birimizin həyatında. Bunu acı da olsa, Rafiq Babayevin gedişi ilə anladım.

 

Fikir verirəm, yazdığım fikirlərim də qırıq-qırıqdı, çünki haçalanmış hisslərimin tərcümanı kimi onlar da bir yerə toplana bilmir.

 

Necə deyərlər dəli bir ağlamaq keçir könlümdən...

Haqqını halal et ustad...

 

# 393
avatar

Aytən Yusifova

Oxşar yazılar