Anamızla yaşıdıq
14 aprel 2015 16:25 (UTC +04:00)

Anamızla yaşıdıq

                                               

Zaman vahidimiz adamlardır. Saata baxma, təqvimi də yoxlama. Qəbirləri say. Yadından çıxanlar olacaq. Torpağın altında tez itir adamlar. Ölkədən köçənləri sal yadına, üzlərini unutduqların var. Onlar təzə gedəndə qərbdə günəşdən və səndən ötəri darıxırdılar. Sonra... Ürəyin ağrıyacaq, daha salamlaşmadığın dostların əllərini xatırlayacaqsan.

Geriyə qayıdacaqsan, fikirlər səni lap əvvələ aparacaq. Nə zaman anadan olmusan? Nə fərqi var?! Yadına düşəcək ki, biz analarımızın zaman vahidiyik. Hamımız analarımızla yaşıdıq.  Onlar bizi dünyaya gətirəndə ana olurlar və əksər vaxtı bizdən daha az yaşayırlar. Məsələn, rəfiqələri elə bilir ki, bu gün anamın qırx yaşı olacaq, amma mən onun iyirmi birinci ad gününü keçirdim fevralda!

Bayaq “əksər vaxtı” dedim, hə? Yox, analar elə həmişə balalarından daha az yaşayırlar. Biz Sabunçuda qalanda kəlbəcərli bir ailə yaşayırdı uşaq bağçasında. Bir gün evin böyük oğlu dənizdə boğuldu. Dalğıclar Bəxtiyarın cansız bədənini qayaların arasından çıxardılar, ancaq Qənirə xalanın darmadağın olmuş ömrünü qurtaran tapılmadı.

Bu hadisəni ona görə yaxşı xatırlayıram ki, Bəxtiyardan sonra anam bizə-qardaşıma və mənə çimərliyə getməyə heç vaxt icazə vermədi. Mən uşaq olanda ermənilərə həm də ona görə nifrət edirdim ki, onlar Kəlbəcəri işğal etməsəydilər, Bəxtiyar heç vaxt dənizdə boğulmayacaqdı.

Dünən yadıma düşdü. Müəllimə dedi ki, yaşadığınız bu holland şəhəri dəniz səviyyəsindən aşağıdadır. Tez anamı xatırladım, qorxdum. Qəribə səslənə bilər. Amma mən anamın ad günündə özümə və bütün övladlara uzun və gözəl yaşamağı arzu edirəm. Dedim, axı, zaman vahidimiz adamlardır.

 

# 219
avatar

Mirbəhram Əzimbəyli

Oxşar yazılar