Lent.az Fransanın Milli Qəhrəmanı, məşhur azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbraylovun döyüş gündəliyinin ikinci hissəsini sizə təqdim edir.
Əvvəli: http://news.lent.az/news/155944
...1942-ci ilin dekabr ayının axırları idi. Gecə gözlərimi Madam Jannanın Tuluza şəhərindəki evində açdım. Gözümü açanda mənə “Armed” dedikləri yadımdadır. Mən bura necə düşdüyümü soruşanda Madam Janna dedi ki, sənə huşunu itirmək üçün dərman verdim. Sonra almanların komendantından xahiş etdim ki, oğlumun harda ölməyini bilmirəm, icazə verin, oğluma oxşadığına görə, onu özüm dəfn edim. Onlar icazə verdilər və tabuta qoyub qəbiristanlıqda basdırdıq, indi də çıxarıb gətirmişik evə. Duş qəbul etdikdən sonra təzə paltar geyinib süfrəyə oturdum. Madam Janna harada gizlənəcəyimi mənə başa saldı. Həmin gecə saat 5-də evlərindən bir kilometr aralı olan qəbiristanlığa apardılar. Orada hazırlanmış təzə qəbri göstərdilər. Hazırlanmış qəbirə uzandım, tabutun üstünü taxta ilə örtüb, torpaqladılar. Hava gəlmək üçün xüsusi boru qoymuşdular. Səhər açılanda həmin borudan qəbrin içinə işıq düşürdü, səhərin açılmasını işıq vasitəsilə bilirdim. Qəbrin içərisində bir butulka su, çörək pendir, yağ, kolbasa qoymuşdular. Nəfəs almaq çox çətin idi. Hər gecə bir ilə bərabər olurdu. Axşam gəlib məni evlərinə apardılar. Yenə də yaxşı qulluq göstərdilər. Düz bir ay belə davam etdi. Bir gün Madam Jannaya dedim ki, qəbirdə yatmaq əsirlikdən də pisdir. Səhəri gün tezdən oyandım, məni gətirib hamama saldılar və təzə paltar verilər. Çox sevinirdim. Güzgü qarşısında dayanıb özümə doyunca tamaşa etdim.
Madam Janna dedi ki, Armed, alman jandarmları bütün evləri axtarıblar. Məni həyətdəki zirzəmiyə apardı. Burada hədsiz çaxır çəlləkləri, butulkalar var idi. O mənim bir ağac çəlləyə girərək ağzını bağlamağımı xahiş etdi və tapşırdı ki, zirzəminin işığı yanıb, yenidən sönüb, bir də yanması “çöldə dayanma, tez həmin çəlləkdə gizlən” deməkdir. Hətta kimsə çağırsa da həmin işarədən sonra çəlləkdən çıxmamalıydım.
Madam Janna qızına tapşırıq verib işə getdi. Jannanın qızı Sara mənə yemək gətirəndə işarəni düz vermədiyinə görə tez qaçıb çəlləyə girdim, nə qədər səslədisə cavab vermədim. Yeməkləri çəlləyin üzərinə qoyub səslədi, yenə də cavab vermədim. Mademuazel gedəndən sonra yeməklərə baxırdım, ağzım sulanırdı. Amma qorxudan ordan çıxıb yeməkləri götürmə bilmədim və həmin günü ac qaldım.
Janna axşam evə gələndə qızından məni soruşur və qızı harda olduğumdan xəbərsiz olduğunu bildirir. Çünki o elə bilirdi ki, mən çıxıb getmişəm. Janna tez zirzəmiyə girdi və məni görən kimi üz-gözümdən öpüb, bağrına basdı. Bu minvalla, səhərlər zirzəmidə, axşamlar evdə yatırdım. Axşamlar Sara evdə mənə fransız dilin öyrədirdi. Bir gün Sara mənə dedi ki, siz anamla türk dilində danışanda həsəd aparıram. Sizin diliniz fransız dilinə tez uyğunlaşır. Bu evin xüsusi bir sirri var idi. Qapının döyülməsindən bilirdilər ki, yad adamdır. Şkafdan aşağı mərtəbəyə, ordan da başqa otağa və bağa “xod” var idi. Almanlar partizanları axtarırdılar. Qaçmaq istəyənləri dar ağacından asırdılar ki, fransızlara görk olsun.
Bir gecə üst mərtəbədəki otağın qapısı döyüldü. Təəccübləndim ki, bu öz evinin qapısını niyə döyür. Otağa dörd nəfər daxil oldu. Bizimlə çox səmimiyyətlə görüşdülər, almanların məni incidib-incitmədikləri barədə soruşdular. Sovet zabiti olduğumu, təyyarəçilik məktəbini bitirdiyimi bilirdilər. Baş leytenant olduğumu söyləyəndə bir-birinin üzünə baxıb gülümsədilər.
1943-cü ilin yanvar ayı idi. Sonradan öyrəndim ki, bu dörd nəfər Fransada yeni təşkil olunmuş partizan dəstəsinin üzvləridir. Mənim haqqımda Madam Jannadan nələrsə soruşurdular. Bir az söhbətləşdikdən sonra gecə ilə getdilər.
Səhəri gün axşam Madam Janna məni mademuazel Mariyan və Jualet ilə tanış edərək bildirdi ki, bunlar sənə fransız dilini öyrədəcəklər. Həmin gündən başlayaraq, evdə olanlar mənimlə fransız dilində danışırdılar. Bir sözü bəzən on dəfə təkrar etdirirdilər.
1943-cü ilin fevral ayıdır. Partizanlar mənim tez sağalmağım üçün həkimlər gətirirdilər. Həkim Pınar gecə-gündüz mənimlə məşğul olur müalicə edir, qızlar da hədsiz dərəcədə hörmətlə yanaşırlar. Mən tezliklə sağaldım.
1943-cü ilin mart ayında Partizanlar Reke, Dumas, Piter gecə məni özləri ilə şəhərin ətrafındakı dağın ətəyində olan bir kilsəyə apardılar. Bura partizanların görüş yeri idi. Onlar məni səmimiyyətlə qarşıladılar. Kilsə sahibi Keşiş Los partizan idi. Amma şəhər sakinləri bunu bilmirdi.
Los kilsədə öz otağında partizanlara qonaqlıq verirdi. Burda mənə qarşı xüsusi diqqət göstərdilər, hətta mənim sağlığıma içdilər. Qonaqlıqdan sonra partizanlar məni özləri ilə birlikdə bir kəndə apardılar. Orada da qonaqlıq təşkil edib, mənim sağlığıma badə qaldırdılar. Bir gecə icazə alıb Madam Jannanın evinə gəldim. Evdə itmiş əzizlərini qarşılayan kimi mənə sarılaraq bağırlarına basır, göz yaşı tökürdülər.
...1943-cü ilin aprel ayı idi. Fransanın cənubunda gizli təşkil edilmiş “otryad”ın tərkibindəydim. Dəstənin başçısı general Delatır, üzvləri kapitan Delplonq, Dumas, Rene, Pınar, Piter idi. Həmin dəstə Fransada adlı-sanlı cəngavər, qorxmaz, qırıcı dəstə idi. Bir gün madam Janna qızlarla bizim yanımıza gəldilər. Madam Janna mənə “oğul” deyə üzərimə gələndə mən tez onu qabaqladım. Hamı mənə Madam Jannanın oğlu kimi müraciət edirdi. General Delatır mənə bir “Makarov” tapançası bağışladı. Biz üç gün həmin yerdə istirahət etdik. Bir gün gecə olduğumuz yerə bir maşın gəldi. Mademuazel Jualet və başqa tanımadığım şəxs içəri girdilər. Jualet çox pis və peşman görünürdü. Əlində bir vərəq var idi. Jualetlə gələn oğlan mənimlə tanış oldu və bildirdi ki, məni aparmağa gəlib. Bu, Bessek idi. Partizanlarla görüşüb ayrıldıq. Məni maşınla şəhərə gətirdilər. Bessek posta yaxınlaşanda maşının sürətini azaltdı və oturacağın altından bir avtomat çıxardıb mənə uzadıb “vur” dedi. Posta yaxınlaşanda alman əsgərini avtomatla vurdum. Bu, mənim partizan olmaq üçün verdiyim “imtahan” idi. Tez maşını dar küçələrlə sürüb aradan çıxdıq və birtəhər dağlıq əraziyə çatdıq. Dağın yaxınlığında bir kilsə var idi. İçəridə 25 partizan əyləşib bizi gözləyirdi. Gecə bütün partizanlar kilsənin həyətində otun üstündə yatdıq. Səhəri kilsəni təmizlədik və partizanlar meşəyə getdilər. Mən 8 gün kilsədə keşişin yanında qaldım.
Bir gün ertədən toplanmaq əmri verildi. Həmin axşam oraya toplaşanların şərəfinə qonaqlıq verildi. Birinci olaraq korpusun rəisi Delplonq və Dumas badəni qaldırıb belə bir sağlıq dedi: “Qana qan, intiqama intiqam. Vətənin azadlığı uğrunda rus qardaşlarımız bizimlədir”. Bu sözləri eşidən kimi dərhal ayağa qalxıb badəni başıma çəkdim. Həmin illərdə Fransada almanların bütün millətlərdən əsgərləri var idi. Eləcə də franszlardan. Mən Əhmədiyyə Mikayıl oğlu olduğum üçün “Armed Mişel” və ya “Mişel Armed” deyirdilər. Mən də etiraz etmirdim”.
Əhmədiyyə Cəbrayılov gündəliyində şəxsən qeyd edir ki, Fransanın adıçəkilən qırıcı-dağıdıcı, qorxmaz partizanlar korpusu olan Birinci Eskadron Tarki və Qoran partizan korpusunun rəisi Delplonq, leytenant Bessek, Dumas və “Armed Mişel”lə tanınırmış. Fransanın Milli Qəhrəmanı daha sonra belə davam edir:
“1943-cü ilin iyun ayı idi. Delplonq bütün partizanları yığaraq dedi ki, bu gündən Armed Mişeli “Xarqo” deyə çağırın. Həmin gün biz beş nəfər partizan meşənin dərinliklərinə getdik. Kəndlərdən keçəndə harda alman əsgərlərinə, zabitlərinə rast gəlirdiksə, öldürüb silahlarını özümüzlə götürürdük. Bu beş nəfərin üzərində rəhbərliyi Delplonq mənə tapşırmışdı. Yanımda olan uşaqlar xam idi, özlərini necə aparmağı bilmirdilər. Ancaq mənim sözümdən heç biri çıxmırdı. Yoldaşlardan xahiş etdim ki, tapşırığa gedəndə avtomat və ya hər iki əlində tapança olmalıdır. Yerli əhali tanımasın deyə üzümüzə qara parçadan torba tikirdik, ayağımıza dəri sapoq, əynimizə dəri pencək, başımıza qara parçanın üstündən şlyapa qoyurduq. İstirahət vaxtında kim necə istəyirdisə, elə də geyinirdi.
Günlər keçdikcə əhali arasında partizanlara qoşulanların sayı artırdı. Tezliklə əhatəmiz 120 nəfərə çatmışdı. Şəhər və kəndlərdə almanlara xidmət edənləri gecə ilə oğurlayırdıq. Daim yağışda, sərt havalarda çöllərdə olduğuma görə xəstələndim. Bessek mənə tanış bir partizanın evinin çardaq hissəsində yer düzəltdi, doktor gətirdilər. Bu evdə 15 yaşında oğlan, 13-16 yaşlarında iki qız var idi. Qonşuluqdakı 17 yaşlı bir qız və evdəki uşaqlar mənə gecə-gündüz xidmət göstərirdilər...”
***
Növbəti yazıda siz Əhmədiyyə Cəbrayılovun almanların hərbi sursat qatarını hansı yollarla partlamasından, kimin ağzına tapança dirəməsindən və digər maraqlı hadisələrdən xəbərdar olacaqsınız.
Partizan həyatını günbəgün Lent.az-da izləyin...
İntiqam Valehoğlu