Anam ölüdən qorxduğum üçün ölmədi
29 noyabr 2013 12:09 (UTC +04:00)

Anam ölüdən qorxduğum üçün ölmədi

... Anam həyəcanlı halda qapıdan içəri girdiyimi görən kimi əsə-əsə yatağından qalxmağa çalışdı. Tələm-tələsik köməyinə atıldım. Gözlərində yaşamaq eşqi aşıb-daşırdı, qan təzyiqinin tez-tez yüksəlməsi isə buna imkan vermirdi, onu çox əziyyət verirdi. Təzyiqdən əsən qollarından yapışaraq oturmağına kömək etdim. Ana-bala bir-birimizə həyatın ən ağır əzabından süzülən göz yaşları içində baxırdıq. Həyatın son dərəcə dəhşətli bir kulminasiya nöqtəsində dayanmışdıq, anam yaşamaq istəyirdi, mən isə onu ölümün caynağından qurtarmağa çalışırdım. Nə anam bunu bacarırdı, nə də mən. Bu idi faciəmiz, bu idi zəifliyimiz. Həyatın ən böyük varlığı sayılan insan bu qədər də aciz olarmış.


Gözlərindən hiss edirdim ki, anam məndən kömək umur, yaşamağına yardımçı olmağımı istəyir. Mən isə ... onun bu halını yana-yana seyr edirdim. Çünki son dəfə dünən axşam gələn həkimlər bizə heç bir ümid verməmişdilər, hətta dərmanların bundan sonra faydasının olmadığını demişdilər. Ayrılanda isə tibb işçilərinin qənaəti daha dəhşətli oldu. Mən bunu anama deyə bilərdimmi?!


Artıq anam da görürdü ki, ona köməklik etməkdə acizəm. Göz yaşları içində titrək səslə “qorxma”, “qorxma” deməkdən başqa çarəm qalmayıb. Elə bu məqamda anam təzyiqdən bir yerdə qərar tutmayan əlinin birini məndən çəkərək əsə-əsə balışının altına apardı. Ovcunda tutduğu pulu mənə tərəf uzadanda dünya başıma fırlandı, gözlərim qaraldı. Axı bu pulu 2-3 gün öncə mən ona vermişdim. İndi isə təqaüdünü də üstünə qoyub mənə qaytarırdı. Anamın “Ay bala artıq bu pul mənə lazım deyil, görmürsən ölürəm” kəlməsi bir anlığa damarlarımda qanı dondurdu. Dəhşətli faciə, görünməmiş müsibət idi. Dünyadan köçəcəyini hiss edən ana pulunu övladına verirdi. Bu anda nitqim kəsildi, belim büküldü, qəddim qırıldı... Götürməmək üçün nə qədər cəhd göstərsəm də, alınmadı, anamın sözündən çıxa bilmədim.


Ailəmizdə ölüdən ən çox anamla mən qorxurdum. Bunu anam mənə hələ uşaq vaxtı demişdi. İndi isə ikimiz bir-birimizdən ömürlük ayrılmaq məqamında idik. Yaş içində boğulan gözlərimi, hıçqırtılı səsimi seyr edən anam “sən uşaq olanda ....” ( uşaq vaxtı yuxuda ölü görüb bərk qorxmuşdum) deyərək qəddini bir qədər düzəldib mənə toxtaqlıq verməyə çalışdı... Həyatının son anında da anam mənə təskinlik vermək üçün özündə qeyri-adi qüvvə taparaq, heç bir dərman qəbul etmədən ömrünü 2 günlük də olsa uzatdı. Bu iki gün isə daha əzablı oldu, yemədi, içmədi, danışmadı ...


... Anam ömrünün son dəqiqələrində, bəlkə də saniyələrində başını bir qədər qaldıraraq ətrafını süzdü. Sübh çağı olsa da yanında həyat yoldaşını və övladlarını görəndə bir növ təsəlli tapdı. Onunla son görüş üçün bütün ailə üzvü toplaşmışdı. Hamımızı bir-bir seyr edərək gözlərini atamın gözlərinə zillədi.... baxdı, baxdı, baxdı... və bir anlığa üzünə cavanlıq çöhrəsini gətirərək gözünü əbədi yumdu...

# 4855
avatar

Mikayıl Nərimanoğlu

Oxşar yazılar