Gürcüstanın nəfəsliyini qapatmalı? - DEPUTAT YAZIR
25 dekabr 2012 18:28 (UTC +04:00)

Gürcüstanın nəfəsliyini qapatmalı? - DEPUTAT YAZIR

Sabah Bidzina Azərbaycana gəlir. Seçki vədini bizim hesabımıza ödəyəcəyi niyyətilə.

3 aylıq hökumətin uğursuz xarici siyasət baxışları və daxili gərginliyin artması fonunda yeni Baş nazir regional geopolitikanı çox zəif bildiyini ortaya qoydu. 7 milyard dollarlıq kapitala sahiblik hələ strateji düşüncəyə və daimi siyasi uğura birbaşa təminat demək deyil. Əksinə, Bidzina sübut etdi ki, biznes layihələri ilə mənsub olduğu millətin nəzərində parlayaraq müvəqqəti qalibiyyət əldə etmək olar, lakin pulla hakimiyyəti qoruyub saxlamaq mümkün olmayacaq.

Gürcüstanda demokratik seçkilərdən sonra Saakaşvilinin son dayaqlarını sarsıtmağa və komanda üzvlərini həbs etməyə girişən bu adamın Azərbaycana səfər qovluğunda nə gətirdiyini təxmin etmək o qədər də çətin deyil. Elə isə sual olunur: Gürcüstandakı inqilabdan bizə nə?

Sovetlər Birliyinin dağılması ilə müstəqilliyinə qovuşan Gürcüstanın vacib coğrafi mövqeyə malik olması əsasən Azərbaycandan faydalanmağa geniş imkanlar yaratdı. Stalinin ərköyünləşdirdiyi bu xalq indi az qala bizim büdcəmizdə oturmağa cəhd edir. 1991-ci ildən bu yana dəyişən 4 hökumətdən heç biri bu müftəxorluğa və özgə hesabına yaşamaq həvəsinə son qoymayıb. Elə isə sual olunur: bizim onlara borcumuz varmı?

Zviad Qamsaxurdiyanın millətçi siyasətinin ən böyük zərbəsini yaşayan soydaşlarımızın deportasiyası sonrakı hakimiyyətlərin dövründə də yüksələn xətt üzrə davam etdi. Faktiki olaraq tarixi yurdlarından didərgin salınan zavallı insanlarımızın durumu və bu şəraitin doğurduğu siyasət Ermənistanın türksüzləşdirmə kursundan çox az fərqlənirdi. Xeyli sayda azərbaycanlıların və məshətilərin köçündən sonra bircə o qalmışdı ki, ərazimizə hücum təşkil olunsun.

Faktiki olaraq diskriminasiya və sosial-iqtisadi təzyiqləri davam etdirən Şevardnadze də öz iqtidarını qorumaq naminə etnik gərginliyin aradan qaldırılmasının yollarından biri kimi azərbaycanlıların 500 minlik sayının onlara problem yaratdığını zənn edirdi. Bu məşhur sovet çekisti xeyli çəki üstünlüyünə malik olmaqla iqtisadi və siyasi güzəşt tələb edəcək bir xalqın səssiz deportasiyasına təkan verdi.

Lakin Azərbaycan Cənubi Qafqazın siyasi gələcəyi və Rusiyadan 200 illik asılılığına son qoyması naminə Qərbə çıxış koridorunu məhz Gürcüstandan salmağa məcbur oldu. Ermənistanla münaqişə, İranın ətrafındakı beynəlxalq mürəkkəblik bizə başqa alternativlər qoymurdu.

Neft kontraktları ilə bölgənin təhlükəsizliyini satın alan ölkəmiz bununla təkcə özünə deyil, həm də gürcü xalqının iqtisadi və siyasi xaosun məngənəsindən xilasına yardımçı oldu. 1992-93-cü illərdə dövlət büdcəsini vaxtında qəbul edə bilməyən və yalnız kvartallıq bir dövrü hədəf edən Gürcüstanda ÜDM 50 faizə qədər azalmış, hər ay inflyasiya səviyyəsi 70 faizə çatmışdı. Belə şəraitdə bütün xarici təsirləri üzərinə götürməklə Azərbaycan qonşularını da sığortalamış oldu.

Qərbin artan enerji ehtiyaclarını siyasi müdafiəsinin ən yaxşı sipərinə çevirən Gürcüstan sonrakı illərdə də bir tranzit məkanı olaraq özünə lazım olan bütün güzəştləri qopara bildi. Əlbəttə, Heydər Əliyev kimi siyasi qrossmeyster bunu heç bir halda əvəzsiz hədiyyə kimi azərbaycanlıların büdcəsindən kəsib vermirdi. 1 milyard dollarlıq tarif hədiyyəsi neft savaşının taleyini xilas etmək, iki yüz ildən artıq davam edən istismara son qoymağa yönəlmişdi. Əks halda, müharibənin onsuz da zəif saldığı Qafqazın kimin təsir dairəsində olacağını təxmin etmək o qədər də çətin deyildi.

Bakı-Tiflis-Qars və üç ölkəni birləşdirən dəmir yolu layihələri də mühüm siyasi formatın və möhkəm birliyin əsasına çevrildi. Nəticədə, Ermənistanı izolyasiya edən və Avropanı bölgəyə stabillik adası kimi baxmağa şərait yaradan konfiqurasiya formalaşdı. Lakin Gürcüstan yenə də siyasi etibarsızlıq və təhlükəli oyunlarına son qoymadı.

Qarabağ savaşına beynəlxalq diqqət və yardım tələb edərkən çoxlarını bir sual düşündürürdü: görəsən Gürcüstanın mövqeyi nədən ibarətdir? Bunu əhəmiyyətsiz məsələ sayanlar və ya daxili faktorlara istinad edənlər yanılırlar. İranı ermənipərəstlikdə suçladığımız halda, eyni tələbləri başqasından gözləməyə haqqımız vardı. Nəzərə alsaq ki, partnyorluq yalnız qarşılıqlı maraqların tanınmasını tələb edir, onda birtərəfli güzəşt siyasəti ola bilməz.
 

Tam məsuliyyətlə demək olar ki, ərazi bütövlüyü problemi olmasaydı, Gürcüstanın mövqeyi indikindən daha təhlükəli və ziyanımıza olardı. Halbuki, GUAM-da yer almaqla, yaxud “dondurulmuş münaqişələr” anlayışları ilə taleyi eyniləşmiş bu iki xalqın fəaliyyət arealı və səviyyəsi fərqli ola bilərdi. Elə bir beynəlxalq tədbir olmayıb ki, diplomatlarımız və siyasilərimiz oxşar konfliktlər kimi Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərdən bəhs etməsinlər. Belə təmənnasız və ödənişsiz xidməti heç onların öz siyasi elitası aparmayıb. Gürcüstanın işğal reallığını dünyaya tanıtmaqda azərbaycanlıların tarixi xidmətlərini heç kəs unutmasın. Bu təkcə taktiki bir plan və ya arqument bazasının gücləndirilməsi naminə edilməyib. Əvəzində heç bir vaxt gürcü həmkarlarımızdan minimum dəstəyi belə almamışıq. Onlar nə cavax ermənilərindən qorxurdular, nə də ki Ermənistandan. Lakin Qarabağ müharibəsi təkcə işğalçı bir dövlətin deyil, elə hamının, o cümlədən istisnasız olaraq bütün qonşularımızın yem yeridir.

Narıncı inqilabın gətirdiyi hökumətlə də Azərbaycan ən yüksək münasibətlərini davam etdirdi. Məqsədi Rusiya əleyhinə ittifaq formalaşdırmaq olan Saakaşvili 2008-ci il avantürasına gedəndə hərbi və siyasi meydanda tək qaldı. Putinin tanklarının cəmi 4 saata girə biləcəyi Tbilisidən geri durmasında beynəlxalq təzyiqlərlə yanaşı, Azərbaycanın da mövqeyi həlledici rol oynadı. Vikiliks sübut etdi ki, o günlərdə soydaşlarımızın və neft kəmərlərinin təhlükəsizliyindən dərin narahat olan və böyük siyasi iradə göstərən İlham Əliyev o vaxtkı Baş nazir Putinə telefon açaraq, belə vəziyyətin davam etməsinin daha dəhşətli problemlərə yol aça biləcəyini onun diqqətinə çatdırır. Söhbət heç də anti-Rusiya müharibəsinə girməkdən və ya neytrallıq siyasətinə son qoymaq hədəsindən getmirdi. Bölgədəki hərbi toqquşmaların genişlənməsi Ermənistanla silahlı eskalasiyanı bərpa etməyə, nəticədə daha çox dövlətin prosesə qoşulması ilə humanitar fəlakətə yol aça bilərdi.

8 avqustda Saakaşvilini xilas etməyə gedən beynəlxalq nümayəndə heyətinə yalnız Azərbaycan koridor verdi. Bəllidir ki, onların bir çoxu Gəncə hava limanına enərək sonradan yol nəqliyyatı ilə Gürcüstana getmiş və 6 Qərb dövlət başçısı Azadlıq meydanından Rusiyanı durdurmağa çalışmışdı.

Müharibədən xeyli itkilərlə çıxan hakimiyyət Rusiyadan yönələn iqtisadi təzyiqlərə yalnız ölkəmiz hesabına sinə gərdi. Soyuq qış aylarında Gürcüstana verilən 1 milyard kubmetrlik ucuz qaz gürcüləri soyuqdan və “şimal buzu”ndan xilas etdi. Hələ üstəlik, orada yaşayan azərbaycanlıların məktəb, təhsil və digər ehtiyaclarını da üzərimizə götürməklə onların mənsub olduqları dövlətdən asılılığına müəyyən qədər son qoyuldu.

İndi yeni hökumətdir. Bidzinanın taxt-taca çıxmasını sakit qarşılayan insanlarımız hələ ki yalnız vəd və itkiləri həzm etməklə məşğuldur. Azərbaycanlı ailələrə hücum, kompakt ticarət aparanların əmlaklarına vurulan ziyanlar və ən başlıcası, anti-Azərbaycan bəyanatları adamda belə təsəvvür yaradır ki, bu hökumət on illər ərzində dövlətimiz hesabına formalaşmış bağları qırmaq üçün gəlib. Sual olunur: biz bunu haqq etmişikmi?
Gürcüstan azərbaycanlılarının miqrasiya şərtlərini yumşaltmaq tələbinin əsil günahkarı kimdir? Əgər onlar bu dövrdə separatizmdə bulunmayıb, dövlətçiliyə qarşı çıxmayıblarsa, hər bir iqtidarın belə etnik xalqlar qarşısında vəzifəsi ayrı olmalıdır. Halbuki, soydaşlarımız qarşılaşdıqları dil, torpaq və siyasi ayrı-seçkiliyə cavab olaraq ərazi muxtariyyəti tələb etməyə, daha güclü təşkilatlanaraq öz haqlarını almağa əsasları var. 90-cı illərdə mövcud olmuş 200-ə qədər azərbaycanlı məktəblərinin yarısını sıradan çıxarmış, elə o nisbətdə də azərbaycanlıları qovmuş hakimiyyətlərlə başqa mübarizə yolu qalmayıb.

Yəqin bilməmiş deyilsiniz, Azərbaycan təkcə iki dövlətlə sərhəd xətlərini razılaşdıra bilməyib. Bəli, bunun birincisi torpaq işğalçısı olan Ermənistandır. İkincisi isə strateji tərəfdaşlıq, demokratiya və Qərb dəyərləri nümayiş etdirən Gürcüstan.

Hətta ötən il Qafqazı özününkü sayan Rusiya ilə belə bir tarixi müqavilə imzalandı. Zaman gələcək, bu addımın əsil siyasi qiyməti hər kəsə bəlli olacaq. Lakin Gürcüstanla 20 ilə yaxındır ki, delimitasiya və demarkasiya ixtilafımız davam edir.
 

Ötən əsrin əvvəllərində və sovet illərində şimal ərazimizdən və Qazax bölgəsindən on min hektarlarla torpağa sahib olan bu dövlət uzun illərdir ki, qədim alban kilsəsinin davasını aparır. Belə məlum olur ki, “Keşikçi dağ” (David Qareci) məbədi olmasa, xristianlar dini etiqad yeri tapmaz və gürcü dövlətçiliyinin sarsılmazlığı təmin olunmazdı?! Yaxşı ki, Gürcüstan Xəzərdə də bizə qonşuluq etmir.

İndi Azərbaycan seçim qarşısındadır. Gürcüstan iqtisadiyyatında tutduğu 2-ci yeri tərk edərək bu regionun strateji durumunu ağırlaşdıran və hamımızı geriyə qaytaran addımlarımı atmalı, yoxsa, ənənəvi güzəşt siyasətini davam etdirərək Gürcüstanın ərköyünlüyünəmi dözməli? Sadə azərbaycanlılar ikinciyə “yox” deyərdi. Çünki təkcə bir layihədə 775 milyon dollarlıq öhdəliyini kreditlə Azərbaycanın qarşıladığı Gürcüstanın neft-qaz sektorundan geri çəkilməyə çalışması və əvvəlik müqavilələrin qüvvədən düşməsi Gürcüstanı hərtərəfli itkilərlə üz-üzə qoyacaq. Qərbin iqtisadi arteriyaları ilə oynaması bu dövlətin düşmənlərini artırardı. Nəqliyyat və ticarət əlaqələrinin azalmasından itirən həmin ölkənin sadə vətəndaşları olacaq. Azərbaycanın əlini çəkməsi o deməkdir ki, orada siyasi didişmələr və sosial böhran dərinləşəcək və hakimiyyət dəyişikliyi labüdləşəcək.

Bizə nəfəslik verdiyini zənn edən Gürcüstanın oksigen balonu və təhlükəsizlik yastığı Azərbaycandadır. Bidzinanın böyük oyunları ilə yoğrulmuş bu səfərində güzəşt limitinin bitdiyini bəyan etməyin zamanıdır. Gürcülər, nəhayət, bilməlidir ki, sovet hökuməti çoxdan dağılıb!

# 1873
avatar

Zahid Oruc

Oxşar yazılar