Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Khazar” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobildə həyati təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürənlər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 24 yaşlı R.Allahverdiyev və sərnişin 23 yaşlı K.Allahverdiyev xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, eyni zamanda avtomobilin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.