Marketlərdəki ianə qutularına, yəqin ki, hamımız rast gəlmişik.
Kassa yanında və ya çıxış hissədə yerləşdirilən bu qutuların üzərində əsasən uşaqlar olmaqla, müxtəlif şəxslərin də fotoları və telefon nömrələri var. Bəzilərində isə sadəcə bank kartının nömrəsi yazılıb. İlk baxışda “nə yaxşı təşəbbüsdür, ehtiyacı olan insanlara yardım edilir” deyə fikirləşirsən. Amma sonra bu ianələrlə bağlı şaffaflığın necə təmin olunması ilə bağlı suallar ağlına gəlir.
Bu fotosu yapışdırılıb, adına yardım toplanan insanlar gerçəkdirlərmi? Toplanan pulun hamısı ianə ediləcək şəxsə çatırmı? Ümumiyyətlə ianə qutusu quraşdırılan məkanlar bu şəxslərin həqiqətən yardıma ehtiyacı olduğunu necə müəyyənləşdirirlər?
Sakinlər arasında keçirdiyimiz sorğu da bu sualların tək bizim ağlımıza gəlmədiyi göstərdi.
Bəs şəhərin bütün şəbəkə mağazalarında, həmçinin restoranlarda bu qutuları kim və necə quraşdırır?
Kənan Şirinovun sözlərinə görə, ianə qutularındakı pulları mağaza əməkdaşları hesablamır, yardım üçün müraciət edən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə pulu özü sayıb götürür.
İanə qutusu quraşdırılan restoranlardan birinin administratoru Elvin Fətəliyev isə deyir ki, hər müraciət edən şəxs üçün vəsait toplanmır. Rəhbərlik müraciətləri araşdırır və şəxsin yardıma ehtiyacı olduğu təsdiqləndikdən sonra adına qutu açılır. Həmin şəxs bəzən hər ay, bəzən də 3 aydan bir gəlib toplanan vəsaiti götürür:
Müxtəlif obyektlərə ianə qutuları quraşdıranlardan biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətidir. Qurumun sədr köməkçisi Soltan Məmmədov bildirdi ki, ianə qutuları obyektlərə möhürlü şəkildə gətirilir. Qutular mağazalardan hər dəfə təhvil alanda isə aktlaşdırılır və sənədin bir nüsxəsi mağaza əməkdaşlarına verilir. Əldə olunan vəsaitlə ehtiyacı olan insanlara yardım edilir. Bu yardımlar cəmiyyətin saytında da göstərilir.
Bütün bu cavablar insanın ürəyinə rahatlıq gətirsə də, şübhələr tam keçmir. Çünki ortada tam şəffaflıq yoxdur. Məsələn, çəkilişdə olduğumuz mağazalardan birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, qutunu bəzən “Lexsus” markalı bahalı avtomobildə gələn şəxs açır, vəsaiti götürüb gedir.
Hər obyektdə aylıq toplanan vəsaitləri toplasaq, ortada ciddi məbləğin olduğunu görəcəyik. Bu hal isə bir daha şaffaflığın təmin edilməsinin vacibliyindən xəbər verir.
Əslində ölkəmizdə ianələrlə bağlı şəffaflığın təmin edilməsi təcrübəsi var. Ən bariz nümunəsi də “YAŞAT” Fondunun sistemidir. Sosioloq Elçin Bayramlı da düşünür ki, bəzi dələduzların bu sahədə süi-istifadəsi insanlar arasında əsaslı şübhələrin yayılmasına səbəb olub. Məhz buna gör də son vaxtlar ianələrdə ciddi azalmalar müşahidə edilir.
Bu cür təşəbbüslərdə tam detallı hesabatın önəmini vurğulayan ekspert başqa bir variant da təklif etdi.
Birinə yardım edərkən içində şübhə olmamalıdır.
Çünki insanlar bir birinə kömək etməkdən əl çəkdikləri gün insanlıq da yox olar. Qanunda kiminsə bir başqası üçün məsuliyyət daşımadığı deyilsə də, ehtiyac sahibi insana yardım etmək ən doğru hərəkətdir. Bizi insan edən də elə budur.