Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbir keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu zaman ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.