Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var.
Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:
Layihəmizdə bu gün Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Tahir Tağızadədən bəhs edəcəyik.
Tahir Tofiq oğlu Tağızadə 11 avqust 1967-ci ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. O, orta təhsilini Bakıda alıb. Daha sonra isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
O, 1990-1995-ci illərdə SSSR-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib.
Bakıya qayıdan Tağızadə 1996-cı il yanvarın 1-də isə Xarici İşlər Nazirliyinin ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub.
Daha sonra ABŞ-dakı səfirliyə göndərilib, orada 8 il çalışıb. Əvvəlcə 2-ci, sonra 1-ci katib olub. Daha sonra mərkəzə çağırılıb və XİN-in mətbuat katibi təyin olunub.
2007-ci il fevralın 22-də Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri, 7 il sonra isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir olub.
O, müsahibələrinin birində deyir:
“Jurnalistlər məndən soruşmuşdular ki, “bizimlə dostluğu davam etdirəcəksinizmi?” Dedim ki, “bu belə bir məslədir ki, jurnalistlərlə dostluq axıra kimi olmalıdır, elə düşmənçilik də”. Hər zaman çalışmışam ki, mənə edilən xahişləri həyata keçirə bilim.
Mənim bir dostum var, indi Çexiyanın xarici işlər naziridir. O, bu vəzifəyə gəlməzdən öncə də bizim dostluğumuz var idi. Mənim üçün insanlıq önəmlidir, vəzifə yox. Zaman keçdi Y.Kohout xarici işlər naziri oldu. Bizim dostluq əlaqələrimiz yenə əvvəlki kimi davam edir”.
Sabiq mətbuat katibi bildirir ki, ən böyük hobbisi Yaponiya və fəlsəfəsinin tarixini öyrənmək olub:
““Samuray” sözünün necə əmələ gəlməsini yəqin ki, bilirsiniz. Əslində, bu insanların adı ədəbi yapon dilində “busi” deməkdi. Busi qılınc daşıyanlardır. Orta əsrlərdən sonra onlar özləri özlərinə samuray adı qoyublar. Samuray xidmət edən insandır. Səfir sözünü mən buna bənzədirəm. Bizim işimiz ölkəmizin inkişafına xidmət etməkdir. Öz ölkəsinin maraqlarının qorunmasına xidmət etməkdir. Ola bilər ki, adı gözəldir. Amma elə də böyük vəzifə deyil. Bu böyük bir məsuliyyətdir. Cavabdehlikdir”.
Tahir Tağızadə hazırda Macarıstanda səfirdir. Həsən bəy Zərdabi mükafatına layiq görülüb. Evlidir. İngilis, rus, çex və slovak dillərini bilir.