8 yaşında məqalə yazdı, prezidentin katibi oldu -  UNUDULAN MƏTBUAT KATİBLƏRİ
21 yanvar 2022 19:01 (UTC +04:00)

8 yaşında məqalə yazdı, prezidentin katibi oldu - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün mərhum prezident Əbülfəz Elçibəyin mətbuat katibi Arif Əliyevdən bəhs edəcəyik.

Arif Aslan oğlu Əliyev 31 avqust 1960-cı ildə Qazaxda anadan olub. O, Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
 
Arif Əliyev ”Azərinforum”un(indiki AZƏRTAC) xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq”ın baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “TURAN”ın məlumat-nəşriyyat müəssisənin baş müdiri, Xəzər universitetində müəllim vəzifələrində çalışıb. Sabiq mətbuat katibi həmçinin “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, Bakı Mətbuat Klubunun prezidenti, “Gün səhər” qəzetinin baş redaktoru vəzifələrini də icra edib. O, 1992-1993-cü illərdə sabiq prezident Əbülfəz Elçibəyin mətbuat katibi olub.

Arif Əliyev isə özünü belə tanıdır:
“1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa”.

Ad gününüzü necə keçirdirsiniz sualına isə o belə cavab verib:
“İnsan var ki, doğum gününü xoşlamır, hətta qeyd etmir. Mən bu günü çox sevirəm və indiyə qədər həmişə dostlarım yanımda olur, gecəyə qədər qeyd edirik, söhbətləşirik və.s.  Doğum günümdə kefim bir az yaxşı olur.  Bir də doğum günündə hətta övladları da adamı yada salır...”

Yeri gəlmişkən qeyd edək ki, Arif Əliyevin övladlarından biri Ayxan Əliyev Kanadada Toronto Universitetində kompüter elmləri oxuyub. Ona sizi Arif Əliyevin oğlu kimi tanıyırlar yoxsa, Ayxan kimi sualını belə cavablandırıb:
“Bu, mənim özümü yeni insanlara necə tanıtmağımdan asılıdır. Əksər hallarda özümü Arif Əliyevin oğlu kimi təqdim etməkdən yayınıram. Doğrudur ki, atamın ictimai çəki daşıması mənim üçün müəyyən qapılar açır. Eyni zamanda bu, qarşı tərəfdə mənim haqqımda müəyyən süni təsəvvürlər yaradır. Bəzən insanlarda yaratmaq istədiyim obraz bu deyil. Buna görə də atamla nə qədər fəxr etsəm də, adətən “Arif Əliyevin oğlu” kartını oynamağa tələsmirəm”.

Jurnalist, media eksperti Qulu Məhərrəmli Arif Əliyev haqqında deyir: “Müstəqillik dövrü A.Əliyevin də həyatında və karyerasında yeni səhifə açdı, ona milli ideyanın gerçəkləşməsində iştirak fürsəti verdi. 32 yaşında jurnalist-məmur karyerasının zirvəsinə qalxdı, tanış olduğu gündən sevib izi ilə getdiyi Nəcəf Nəcəfovdan sonra prezidentin mətbuat katibi oldu. Düzdür, o vəzifədə cəmi 7 ay çalışdı, amma ölkənin birinci şəxsinin mətbuatla əlaqələrinin səmərəli mexanizmini qura bildi, tədricən dövlət düşüncəsinə də yiyələndi”.

Tanınmış jurnalist Qabil Abbasoğlu isə Arif Əliyev haqqında bunları deyir: “Arif Əliyev yeni nəsil mətbuatının ən görkəmli nümayəndələrindən biridir. Mən müxtəlif vaxtlarda bir neçə il onunla işləmişəm. Təvazökar, sadə könüllü insandır. Mətbuat şurasının yaradılması ideyasından tutmuş, inkişafına qədər bütün mərhələlərdə iştirak edib. Sonra Arif Əliyevin xoşuna gəlməyən hadisələr olduğu üçün uzaqlaşdı. Bu gün jurnalistikanın müzakirə olunan problemlərindən çox narahat olan insanlardan biridi”.

Sabiq mətbuat katibi jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində iştirak edib. “Media açarı” (hazırda verilmir) Jurnalist mükafatının təsisçilərindən biridir. Bakı Mətbuat Klubu və Azərbaycanın Mətbuat Şurasının yaradılması üzrə layihənin müəllifidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin, 9 kitabın müəllifi və tərtibatçısıdır. Rus, ingilis dillərini bilir.
Evlidir, 2 övladı var. Hazırda Bakı Mətbuat klubunun rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8601
avatar

Aytəkin Cəlali

Oxşar yazılar