Bir neçə il bundan öncə Süd Yolu qalaktikasının detallı xəritəsini yaratmaqda böyük yardım göstərmiş Gaia teleskopu yeni kəşfə imza atıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, sözügedən teleskopun köməkliyi ilə Yer kürəsinə ən yaxın ikinci qara dəlik kəşf edilib. Yer kürəsinə yaxın olan kəşf edilmiş yeni qara dəlik Gaia BH2 adını əldə edib. O, 9 Günəş kütləsinə sahibdir və planetimizdən 3800 işıq ili uzaqlığında Sentavr bürcündə yerləşir. Sözügedən qara dəliyin ətrafında isə Gaia DR3 5870569352746779008 adlı ulduz dövr edir.
Ulduzun qara dəlik ətrafında tam dövrü 1277 günə reallaşır. Müasir kosmik modellərə əsasən Süd Yolu qalaktikasında təqribi olaraq 100 milyon ədəd ulduz kütləli qara dəlik mövcuddur. Lakin alimlər hələ 20 ədəd bu cür obyekt kəşf ediblər və əlavə olaraq 50 ədəd obyekt bu cür qara dəliklər sinifinə namizəddir. Qeyd etmək lazımdır ki, Yer kürəsinə ən yaxın olan qara dəlik Gaia BH1 adlanır. O, Yer kürəsindən 1560 işıq ili uzaqlığında yerləşir və o da Gaia teleskopu tərəfindən keçən il kəşf edilmişdi. Gaia BH1 adlı qara dəlik 9.6 Günəş kütləsinə sahibdir və ona yaxın zonada Günəşə bənzəyən ulduz yerləşir.