10 saniyəlik vdeonu almış şəxs ümumilikdə hər bir saniyə üçün 660.000 dollar vəsait ödəyib.
Bununla belə sözügedən videonun qiymətinə eksklüzivlik təsir etməyib. Həmin videonu istənilən şəxs pulsuz şəkildə “Youtube”da baxa bilər.
Lent.az “texnote”a istinadən xəbər verir ki, söhbət BEEPLE ləqəbli rəqəmsal rəssamın yaratdığı videodan gedir.
Videonun arxa planında ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın fiquru əks olunub və fiqurun üzərində müxtəlif sözlər yazılıb. Videoda onun önündən insanlar keçirlər. Məsələ burasındadır ki, bu 10 saniyəlik video “blockchain” tərəfindən autentifikasiya edilib. Bu isə videonun sahibinin kimliyini və videonun orijinal olduğunu təsdiqləyən rəqəmsal imzadır.
Bu cür videolar yeni növ rəqəmsal aktivlərdir. Bunlara başqa cür əvəz edilməyən tokenlər (NFT) də deyirlər. “Blockchain” texnologiyası bu cür obyektləri autentifikasiya etmək özəlliyinə sahibdir. Bu halda autentifikasiyadan keçmiş obyekt mövcud olan yeganə obyekt rolunda çıxış edir. Pandemiya zamanı bu cür sənət əsərlərinin məşhurluğu kəskin artıb. İnvestorlar yalnız internetdə mövcud olan əşyaları əldə etmək üçün külli miqdarda vəsait xərcləməyə çalışırlar.
Son 5 ay ərzində NFT üçün nəzərdə tutulmuş “OpenSea” adlı ticarət platformasının xidmətlərindən 100 000 alıcı istifadə edib. Satışların ümumi dəyəri isə 250 milyon dollar təşkil edib.