Tarixin ən amansız edamı:  Türklərlə müharibəyə göndərilən sərkərdəni diri-diri yedilər
09 oktyabr 2024 20:15 (UTC +04:00)

Tarixin ən amansız edamı: Türklərlə müharibəyə göndərilən sərkərdəni diri-diri yedilər

"Buz və Alovun Nəğməsi" adlı romanlar seriyasının müəllifi Corc Martinin öz əsərlərinin mövzusunu real tarixi hadisələrdən götürdüyü və öz təxəyyülü ilə həmin hadisələrə əlavə detallar verdiyi məlumdur. Amma bəzən tarixdə elə hadisələr baş verir ki, həmin hadisə heç bir yazıçının, yaradıcı insanın təxəyyülündə belə canlandıra bilməyəcəyi amansızlığı ilə fərqlənir.

Macarıstanda kəndli üsyanına rəhbərlik etmiş və üsyanın yatırılmasından sonra edam olunan Dyerde Dojanın aqibəti bu fikri tam isbat edir.

Lent.az tarixə üsyanı ilə deyil, daha çox amansız edamı ilə düşən Dyerde Doja barədə yazını təqdim edir.

15-ci əsrin əvvəllərində Macarıstan güclü düşmən - Osmanlı İmperiyası tərəfindən təhdid edilirdi. Türklər Macarıstan sərhədlərinə hücumlar təşkil edir, kəndləri ələ keçirir, əhalini qul kimi aparırdılar. 1512-ci ildə Sultan I Səlimin hakimiyyətə gəlməsi ilə vəziyyət daha da pisləşdi. Onun hakimiyyəti cəmi 8 il davam etdi və çoxsaylı müharibələrdən ibarət oldu. Əsasən, Səlim Şərqdə döyüşürdü, lakin İmperiyanın Qərb sərhədlərinə də laqeyd yanaşmırdı.

Türkləri cilovlamaq üçün Papa X Leo səlib yürüşləri praktikasını canlandırmaq qərarına gəldi və 1514-cü ilin aprelində Osmanlı İmperiyasına qarşı yeni səlib yürüşü elan etdi. Amma ortaya çıxdı ki, Macarıstan qoşunları Osmanlılara qarşı hər hansı bir hücuma keçmək bir yana qalsın, müdafiə olunmaq üçün belə kifayət qədər azdır. Buna görə də Papa Macarıstan kralı II Ulaslo ilə birlikdə yürüşə kəndlilərdən ibarət könüllü ordu çağırmaq qərarına gəldi.

Ən qısa müddətdə, kəndlilər, sənətkarlar, tələbələr, rahiblər, kahinlər, şəhər yoxsulları, eləcə də kiçik zadəganlardan ibarət könüllülər ordusu toplandı. Onlara kurutslar, yəni səlibçilər deyirdilər. Ordunun başına hərbi işlərə bələd olan və türklərlə əvvəlki müharibələrdə fərqlənən kiçik əyalət zadəganı Dyerde Doja təyin edildi. Nəticədə Dojinin rəhbərliyi altında 40 minə yaxın könüllü toplandı.

Əvvəlcə o, Osmanlılarla vuruşmaq niyyətində idi və hətta bütün yerli qüvvələri birləşdirib Balkanlardakı türk qalalarına zərbələr endirmək üçün Tisa çayı boyunca 10 minlik ön dəstənin başına getdi.

Ancaq burada silahlı və getdikcə özünə daha çox güvənən kəndli ordusundan qorxan macar zadəganları müdaxilə etdi. Kütlələr üzərində nəzarəti itirməkdən qorxaraq, kurutsların daha könüllü qəbul etməsinə qadağa qoyulmasına nail oldular, sonra isə kral II Ulaslo səlib yürüşünün tamamilə ləğv edilməsini əmr etdi.

Gərginlik son həddə çatdı və kəndli dəstələri ilə zadəganlar arasında toqquşmalar başladı. Böyük bir toqquşmadan sonra Ulaslo başa düşdü ki, onu kəndli üsyanından yalnız türklərə qarşı real müharibə kampaniyası xilas edə bilər. Lakin onun müharibəyə başlamaq əmri gecikdi.

Doja Osmanlı ilə müharibəyə yollanmaq yaxud  kəndli ordusu ilə zadəganlara qarşı müharibə aparmaq üçün paytaxt Budapeştə yürüş arasında qaldı. O, sonuncu variantı seçir və ordusu ölkə daxilində hərəkətə başlayır.

Görünürdü ki, üsyançıları heç nə dayandıra bilməz. Dojinin ordusuna getdikcə daha çox döyüşçü qoşuldu və qalalar demək olar ki, heç bir müqavimət göstərmədən onun qarşısında ağ bayraq qaldırdı. Nadlak, Arad, Vilaqoş və Baç-Badroq qalaları ələ keçirildi. Antifeodal üsyanı demək olar ki, bütün Macarıstanı bürüdü. Doja respublika yaradıldığını elan etdi və feodalların devrilməsinə qarşı mübarizəyə başladı. O, həmçinin ələ keçirilən bütün silahları kəndlilərə payladı.

Ancaq sonra o, klassik səhv etdi - öz gücünə çox inandı və iri şəhərlərin mühasirəsinə qərar verdi. Onun ordusu Tisa çayını keçərək Temeşvar (müasir Timişoara) şəhərini mühasirəyə aldı. Lakin Macarıstanın gələcək kralı Yanoş Zapolyanın başçılıq etdiyi feodallar ordusu artıq şəhərin köməyinə gəlirdi.

Üsyan rəhbəri

Həlledici döyüş Temeşvar divarları altında baş verdi. Zapolyanın komandanlığı altında ölkənin hər yerindən toplanmış və yaxşı təlim keçmiş seçilmiş əsgərlər var idi. Onlar Dojanın ordusunun bir hissəsini artıq məğlub etmişdilər və öz güclərinə arxayın idilər. 25 minlik zadəgan qüvvələri 33 minə yaxın üsyançıya qarşı olmalarına baxmayaraq, sonuncuları amansızlıqla məğlub etdilər. Sağ qalan üsyançılara sərbəst keçid vədlərinə baxmayaraq, Doja əsir götürüldü.

1514-cü ildə baş verən bu Macarıstan kəndli üsyanı, liderinin həqiqətən vəhşicəsinə edam edilməsi olmasaydı, orta əsrlərdə çox olan adi bir üsyan kimi tarixdə qala bilərdi.

Macarıstan kralı 20 iyul 1514-cü ildə Temeşvar meydanında Dojanı edam etmək qərarına gəldi. Onun üçün oturacaq, qoltuqaltı və altlıqda kömür üçün boşluqlar olan xüsusi bir dəmir taxt hazırlanmışdı. Taxtın içərisində uzun müddət od saxlamaq mümkün idi.

Onlar Dojanı taxtda oturtdular, bir əlinə qaynar dəmir əsa, başına isə sobada qaynadılmış tac qoydular.

Ancaq işgəncələr bununla da bitmədi - Dojanın ən yaxın tərəfdarlarını hələ də can verməmiş liderlərinə yaxınlaşmağa və ondan ət parçalarını qopararaq yeməyə məcbur etdilər. Rəhbərini diri-diri yesələr, onların edam olunmayacağı vəd olunsa da, sonradan onların hər biri edam olundu.

Doja özü isə dəhşətli əzablara baxmayaraq, susdu və huşunu itirdi. Üsyan rəhbərinin son sözü dəmir taxtda oturanda “İtlər!” oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Vüqar İsmayılov

Oxşar yazılar