Əbədi partizan:  Yapon zabiti cəngəllikdə 30 il necə vuruşub?  
08 avqust 2024 20:15 (UTC +04:00)

Əbədi partizan: Yapon zabiti cəngəllikdə 30 il necə vuruşub?  

İkinci Dünya Müharibəsindən sonra bəzi xüsusilə döyüşkən yapon əsgərlərinin müharibənin bitdiyini düşünmədən müqavimət göstərməyə davam etdiklərinə dair çoxsaylı nümunələr var. Yaponiya 1945-ci il sentyabrın 2-də kapitulyasiya etsə də, İmperatorun onlarla, hətta yüzlərlə əsgəri cəngəlliklərin və meşələrin dərinliyinə getdi və aylar, hətta illərlə gizləndi. Həmin hərbçilərdən sonuncusu 2005-ci ildə təslim olub, lakin xüsusilə bir əsgər  - Hiroo Onoda yapon ruhunun əsl simvoluna çevrildi.

Lent.az müharibə bitsə də, döyüşməyə davam edən Hiroo Onoda haqda yazını təqdim edir.

1945-ci ilin əvvəlində Hiroo Onoda o zaman hələ gənc leytenant idi və hünər göstərmək naminə müharibəyə getməyə can atırdı. O, Filippinin Lubanq adasına təyinat alır. Bu zaman amerikalılar adaya desant çıxarmağa hazırlaşırdılar ki, bu da yapon komandanlığına sirr deyildi. Yaponlar əsas hərbi birləşmələrini adadan evakuasiya edə bildilər. Onodaya kiçik bir dəstəyə rəhbərlik etmək tapşırığı verildi və əsas qüvvələr gələnə qədər adanı qorumaq əmri verildi.

Onun birbaşa komandiri, mayor Taniquti, Hiroo Onodaya təslim olmağı və intihar etməyi qəti qadağan etdi. Mayor öz əsgərləri üçün geri dönəcəyini vəd etdi və onlara adaya gələn amerikalılara qarşı partizan müharibəsi aparmalı olduqlarını dedi. Tezliklə, demək olar ki, Onodanın dəstəsindən olan hamı döyüşlərdə öldürüldü. O və tabeliyində olan üç nəfər əsgər cəngəllikdə gizlənə bildilər.

Beləliklə, Hiroo Onodanın 30 illik müharibəsi başladı.

1945-ci ilin sentyabrında adanın hər tərəfinə Yaponiyanın təslim olması barədə vərəqələr səpələnmişdi, lakin Onoda kəşfiyyat məktəbində oxumuşdu və bunun ABŞ-ın hiyləgər və təxribatçı addımı olduğunu düşündü. Onun başçılığı latında komandolar düşmənin yeri haqqında məlumat toplayıb, patrullara hücum edir və nəqliyyatı atəşə tuturdular. 1950-ci ildə Onodanın tabeliyində olan əsgərlərdən biri cəngəllikdə həyatın çətinliyinə dözməyərək hakimiyyətə təslim olur. Yaponiya silahlı mübarizəni davam etdirən bir qrup hərbçisindən beləcə xəbərdar oldu.

1952-ci ildə Lubanq adasının üzərinə yapon əsgərlərinin qohumlarının fotoşəkilləri və məktubları səpələnir. Leytenant Onoda qohumlarının əsirlikdə olduğunu düşünür və düşmənə nifrəti daha da güclənir. Adada yerləşən hərbi mövqelərdən birinə basqında yaponlar bir radio qəbuledicisini ələ keçirirlər və radionu dinləyib hələ də Yaponiyanın ABŞ və müttəfiqlərinə qarşı müharibəni davam etdirdiyini düşünürlər: Onlar Koreyada baş verən müharibəni Yaponiya Ordusunun əks hücumu sanır, amerikalıların Vyetnamda apardığı müharibəni isə yapon qüvvələrinin müqavimətini qıra bilmədikləri kimi anlayır.

1972-ci ildə Hiroo Onoda tənha qalır, çünki onun yoldaşları artıq Lubanq adasında Filippin ordusu və polisi ilə atışmalarda həlak olurlar. Onoda demək olar ki, cəngəlliyin ruhuna çevrilir: o, siçovulları və giləmeyvə ilə qidalanır və basqınlardan asanlıqla xilas olur. İldə bir dəfə o, yerli kəndlilərdən inək oğurlayıb, ətini qurudur.

Nəhayət, 1974-cü ildə Lubanq adasına gələn və kəpənək kolleksiyası toplayan yapon tələbə Norio Suzuki Hiroo Onoda ilə qarşılaşmasaydı, bu hekayənin nə qədər davam edəcəyi məlum deyil. Onoda tələbə və həmyerlisinin müharibənin bitməsi barədə sözlərinə inanır, lakin yalnız mayor Taniquçinin əmri ilə təslim olmağa razı olduğunu deyir. 1974-cü ilin martında Taniquçi xüsusi olaraq Lubanq adasına gətirilir.

Hiroo Onoda qılınc və Arisaka tüfəngini təslim edərək təntənəli şəkildə təslim olur. 1945-ci ildən başladığı partizan müharibəsi illərində Onodanın dəstəsi 30-dan çox adamı öldürmüş, 100-dən çox filippinli və amerikalı polis və hərbçini isə yaralamışdı. Buna görə o, ölüm cəzası ilə üzləşirdi. Lakin Filippin prezidenti Hiroo Onodanın düşdüyü vəziyyətin təkrarsızlığını nəzərə alaraq onu əfv edir.

Yaponiyada Onoda qəhrəman kimi qarşılanır. Parlament ona mükafat verir və imperator isə onu hüzuruna çağırır. Amma Onoda mükafatı Şinto ziyarətgahına ianə edir, imperatorla görüşdən isə özünü buna layiq bilmədiyi üçün imtina edir. Onu Fillipin sakinlərini öldürməkdə və müharibə cinayətlərində ittiham edən bəzi ictimaiyyət nümayəndələrinin və siyasətçilərin təzyiqi ilə Hiroo Onoda 1975-ci ildə Braziliyaya köçür. O burada uğurla mal-qara yetişdirir və sərvətini daha da artırır. 1984-cü ildə Hiroo Onoda Yaponiyaya qayıdır və ictimai-pedaqoji fəaliyyətlə, həmçinin, xeyriyyəçiliklə məşğul olmağa başlayır. O, bir neçə xatirələr kitabının müəllifi olur. Hiroo Onoda 2014-cü ildə 92 yaşında hörmət və ehtiram içində dünyasını dəyişir. Ona cəngəllikdə olduğu zamanlar nə haqqında düşündüyünü soruşduqda, Hiroo həmişə “öz vəzifə borcum haqda”, - deyə cavab verirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Vüqar İsmayılov

Oxşar yazılar