Xırdalan şəhərində sintetik maddə ilə rənglənən toyuqların satışının qarşısı alınıb.
Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib. Quş kəsimi sexinin isə fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

