Xıllı Nərə Balıqartırma zavodu da daxil olmaqla Azərbaycanın Nərə Balıqartırma Zavodları 2008-ci ilədək hər il Xəzər dənizinə 20 milyon ədədə qədər nərə balığı körpəsi buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırda bu zavodda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd ana balığı öldürmədən, cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. 2014-cü ildə isə artıq 6 nərə dişisindən kürü alınıb.
2001-ci ildən təbii su hövzələrinə 5,5 milyarddan artıq, o cümlədən 131,0 mln. ədəd nərəkimi, 1,637 mln. ədəd qızılbalıq, 5375,0 mln. ədəd çəkikimi balıq körpələri artırılıb buraxılıb.
Hazırda ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan 4-ü nərə, 3-ü qızılbalıq və forel, 5-i isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb.
Bununla əlaqədar olaraq Azərbaycanda hələ 2004-cü ildə, müasir Xıllı Nərə Balıqartırma Zavodunda nərə balıqlarının törədici sürüsünün formalaşdırılmasına başlanılıb.
2010-cu ilin noyabr ayında Bakı şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə nərə balığı növlərinin kommersiya ovuna beştərəfli moratorium tətbiq edilməsi mexanizminin işlənib hazırlanması barədə qərar qəbul edilib. Nərə balığının ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.
Nazirlikdən o da bildirilib ki, son illər Xəzər dənizinin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalıb və dənizin ümumi ehtiyatlarının 12-15 faizini təşkil edir.