Səhər tezdən binanın həyətinə düşəndə burnuma xəmirləmiş əzgil-armud qoxusu gəldi. Hardasa, belə qarışıq bir şey... Laübali ətrafa boylandım: bəlkə yaxınlıqda kimsə satır deyə... Heç kəs yox idi.
Qəfil anladım ki, burnuma gələn ətrafdakı xəzəlin qoxusudur. Neçə gündür hava nəmişlikdi. Yağış bu yarpaqlara son borcunu da ödədir! Canındakı son həyat qoxusunu insanlara ötürür.
Ürəyi toxdadan, sinirlərə ilahi bir rahatlıq gətirən qoxu...
Təbiətdən çox uzaq düşmüşük. Fəsillərin dəyişməsini meyvə-tərəvəzlərdən hiss edirik. Bir yandan da geni azdırılmış məhsullara ilin istənilən vaxtı rast gəlmək olar. Demək burda da yanılırıq.
Bəzən havanın necə olmasını facebookdan öyrənirəm. Ağır dərddir!
Bir dostum vardı, həmişə zarafatlaşırdım ki, arada kəndə get, torpağın üstündə ayaqyalın gəz, sənə bir az hikmət hopsun, çox mənasızlaşmısan. Onda fağır insanlara qarşı inanılmaz aqressiya vardı. Alçaldıcı zarafatlar edir, ələ salırdı. Düşünürdüm ki, şəhərin səs-küyündən və süniliyindən doğan aqressiyadır bu. İndi özümdə bu simptomları müşahidə edirəm.
Əvvəllər kəndə tez-tez gedirdim və məhəllədəki tozlu yollarda ayaqyalın gəzirdim. İnanılmaz rahatlıq gəlirdi canıma, min illik yorğunluğum çıxırdı.
İndi səhər-səhər bu xəzəl qoxusundan həmin min illik rahatlığı hiss elədim. Hətta, kövrəldim də xeyli!
***
Bu səhər həm də “yeyib-içən oğlan” kimi tanıdığım qonşumla rastlaşdım. Xəzəl qoxusunun ləzzətini axıracan çıxarmamış yaxaladı məni. Ona hansısa söhbətə görə bir araq söz vermişdim. Vədimə elə bu yarpaqların şahidliyi ilə əməl elədim – çıxarıb 5 manat verdim ona.
Qonşum: “Mümkünsə, 5 manat da ver, qonağım olacaq, istəyirəm rus arağı alım!”
İxtiyarsız əlim cibimə getdi.
Səmimi deyirəm, ikinci 5 manata bir az qızırqalandım. Allah kəssin kasıblığı! Amma mənə ən çox təsir edən adamın məni hərif yerinə qoyması oldu. Guya bilmədim ki, “zakuska” pulunu da məndən çıxardı!
***
Bir yazı çap eləmişdik. Bədii-publisistik janrda... Ünvan və ad göstərilmədən bir maştağalı masajçı xanımla bağlı epizodik nəsə vardı. Və təbii masaj sözü burda özünün geri zəkalı şərq mənasında deyil, mütərəqqi qərb mənasında işlənmişdi. Redaksiyaya zəng gəldi. Cavan bir oğlan qatı Bakı ləhcəsində mənə sübut eləmək istəyirdi ki, Maştağadan heç vaxt masajçı qadın çıxmaz! Çıxsa da, yerli deyil, gəlmələrdəndir.
Olsun!
Bu səhər həmin maştağalı soydaşımızı xeyli xatırladım və hətta qımışdım da! Çünki, FM-lərdən birinin qiyabi qonağı onun yerlisi idi. Klassik yolla yazılmış babat bir qəzəl oxudu. Ardınca verilişin mükafatını almaq üçün efirə verilən xoruz səsini imitasiya etməli idi. Qulaqlarına inanmadım: adam eybəcər bir səslə banladı! Aparıcılar onun soyuqlamış səsini ələ saldılar: “Yəqin qrip olub bu xoruz!”, “Yox əşşi yəqin fərəsini danlayır bu narahat səslə...”
Və düşündüm ki, Maştağadan masajçı qadın çıxmadığına əmin olan həmin gənc Vüqar adlı bu qəzəlxan yerlisini görsəydi, nə edərdi?