Xəstəliyə tutulma qorxusu
İpoxondriya - xəstəliyə tutulma qorxusu və ya ciddi bir xəstəliyi olduğunu düşünmə halıdır. Şəxs çox çalışsa da, bu fikri başından ata bilmir və şübhələrdən qurtula bilmir.
Əhali arasında hər 100 nəfərdən 4-6-da bu hala rast gəlinir. Qadınlar və kişilər arasında eyni nisbətdədir.
Bu halda bədəndəki hissiyatlara səhv məna verilir. Məsələn, ağız quruluğu hissiyatı birbaşa şəkər olaraq, əllərdə barmaqda uyuşma iflic olaraq mənalandırılır. Bir xəstəm gecə saat 12 radələrində, dilinin üzərində olan ağ ərpi görərək, bunu internetdə araşdırmışdı. Uzun araşdırmadan sonra bu ərpin, QİÇS xəstəliyində olan, immunitetin çökməsi ilə bağlı əmələ gələn, göbələk infeksiyası ola biləcəyini oxumuşdu. Bunu oxuduqdan sonra özünün QİÇS xəstəsi ola biləcəyindən qorxmağa başlamışdı. Qısa zamanda analiz verərək, HIV daşıyıcısı, QİÇS xəstəsi olub-olmadığını dəqiqləşdirmək üçün laboratoriyaya getmişdi. Ancaq o saatlarda laboratoriya işləmədiyi üçün səhər saat 8-ə qədər xəstəxanada gözləmişdi.
İpoxondriya xəstəliyi olan insanlar tez-tez xəstəliklər haqqında oxuyur, yanlarında bir xəstəlik haqqında danışılsa, onu özlərində axtarar, sürəkli həkimə getmək, müayinələrdən keçmək istəyirlər. Müayinələrdə həkimlər onlara heç bir xəstəlikləri olmadığını deyən zaman, ya inanmayıb, “həkim xəstəliyimi tapa bilmədi”, - deyərək başqa həkimə gedirlər, ya da bir neçə gün sağlam olduqlarını düşünüb rahatlığa qovuşsalar da, sonradan yenə xəstəlik şübhələri ilə yaşamağa başlayırlar.
İpoxondriya zamanı müalicə psixoloji metodlarla aparılır. Bunlardan dərman müalicəsi, psixoterapiya və qrup terapiyası ən təsirli metodlardır...
Azər Bağırov- Psixiatr, Uzman həkim
1777