Süd vəzisi xərçəngindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti daha da ağırlaşıb.
Lent.az-a açıqlama verən aktrisa bildirib ki, artıq gəzə bilmir: “Özümü çox pis hiss edirəm. Süd vəzlərimdə, gözümdə də əməliyyat keçirmişəm. Hətta qadınlığım da əməliyyat olub. Qadınlığımı da götürüblər. Amma son dövrlər özümdə hiss etdiyim narahatçılıqlarla dolayı Türkiyəyə getdim. Oradanda mənə dedilər ki, təcili müalicəmin üstünə düşüm. Müalicə olunmasam, xərçəng bütün bədənimə yeriyəcək”.
Aktrisa onu da əlavə edib ki, müalicə olunması ilə bağlı Heydər Əliyev Fonduna da müraciət məktubu yazıb: “Hazırda çıxılmaz vəziyyətdəyəm. Xəstəliyimi bilə-bilə öz yerimdə oturuşam. Pulum yoxdur ki, müalicə alam. Nə deyim? Kimə deyim ki, mənə kömək olsun? Mən efirdən çıxıb imkanlı şəxslərə müraciət edə bilmərəm. Siz müraciətimi yazın. İmkanlı şəxslərdən kim mənə yardım etmək istəsə, sizin saytla əlaqə saxlasın. Nömrəm sizdə var. İllərimi sənətimə qoydum, amma hazırda canımla mübarizə aparıram. Bir tək övladım var, onu böyüdüb başa çatdırmaq istəyirəm. İndi sizə bu sözləri deyirəm, deyəcəklər ki, Xanım ağlayır. Amma mən öz canımın hayındayam. Ümidim Allahadır. O, mənim yolumu açsın”.
X.Qafarova onu da əlavə edib ki, Türkiyədən qayıdandan sonra, ona bir çox insanlar zəng vuraraq, hal əhval tutub: “Mənə sənət dostlarımdan savayı, adi insanlarda zəng vurub, hal-əhval tutur. Buna görə də, onlara çox sağ ol deyirəm”.
Qeyd edək ki, aktrisanın müalicəsinin qiyməti 13 min dollardır.