Milli Məclisin deputatları, Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) Azərbaycan üzrə təmsilçiləri Çingiz Qənizadə və Zahid Oruc aprelin 9-da Avstriyanın Vyana şəhərinə səfər edəcəklər. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Millət vəkilləri “Parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq: iki ildə meydana çıxan cərəyanlara dair GRECO Qrupunun 4-cü dövr dəyərləndirmələri” mövzusunda konfransda iştirak edəcəklər.
Tədbir Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə həyata keçirilir. Toplantıda Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupuna (GRECO) üzv olan 47 ölkənin nümayəndələri iştirak edəcəklər. İştirakçılar korrupsiya hallarının aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar cəmiyyətin maarifləndirilməsi, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu istiqamətdə təcrübə və informasiya mübadiləsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Səfər aprelin 12-də başa çatacaq.