Sentyabrın 26-da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olduğu gündür. Amma əgər kimsə Vikipediyanın rus dilində olan variantında açıb baxmalı olsa, Nizami Gəncəvinin fars yazıçısı və fikir adamı kimi təqdim olunduğunu görəcək.
Məsələ ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Lent.az-a bildirib ki, Nizami Gəncəvi ilə bağlı bu problem barəsində məlumatları var:
“Bu kimi halların qarşısını almağa çalışırıq. Vikipediyaya nəzarət edən qurum yoxdur. Dövlət tərəfindən hansısa müdaxilə Vikimediya fondu tərəfindən blokla nəticələnir”.
Onun sözlərinə görə, Vikipediya virtual ensiklopediya olduğuna görə hər kəs bura daxil olub, məlumat yerləşdirə və redaktə edə bilər:
"Bizim diqqət yetirdiyimiz məqamlardan biri ölkəmizlə bağlı düzgün informasiyaların yerləşdirilməsidir. Əlbəttə, zaman-zaman xoşagəlməz hallarla qarşılaşırıq və çalışırıq ki, bu kimi halların qarşısını alaq. N.Gəncəvinin Azərbaycan-türk şairi olduğunu hamı bilir. Amma Vikipediyaya bu barədə irad bildirəndə onlar tarixi fakt, mənbə göstərməyimizi istəyirlər”.
E.Eltürk bildirib ki, informasiya savaşında söz məsuliyyəti daha çox araşdırmaçı-alimlərimizin üzərinə düşür:
"Etibarlı istinadlar, xaricidilli mənbələr təqdim olunduqdan sonra "Vikipediya"da redaktələr etmək olar".