Hesablama Palatasının Kollegiya iclası keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, iclasda dövlət büdcəsindən “Azəryolservis” ASC üzrə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda, Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, Siyəzən və Qusar Yol İstismar İdarələrinə ayrılan vəsaitlərin istifadə vəziyyəti, Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin gəlir və xərclərinin icrası, Oğuz və Tərtər rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyəti, Ucar və Qax rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Təbii Sərvətlər və Ekologiya Nazirliyinə “Avtomobil yollarının ətrafında müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və yaşıllaşdırma işlərinin aparılması” və “Dəniz suyunun duzsuzlaşdırılması” layihələrinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ölkə prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadə vəziyyəti üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər geniş müzakirə edilərək təsdiq olunub.
Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergi İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair audit proqramı da təsdiqlənib.