Uşaqların pulsuz atraksion sevinci - BULVARDAN REPORTAJ
01 iyun 2016 18:00 (UTC +04:00)

Uşaqların pulsuz atraksion sevinci - BULVARDAN REPORTAJ

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə Dənizkənarı Milli Parkda aksiya təşkil olunub.

 

APA TV-nin xəbərinə görə, hər il ənənəvi keçirilən aksiyada attraksionlar, karusellərin əksəriyyəti, qatarlar və gəmi uşaqların pulsuz istifadəsinə verilib.  

 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, uzun illərdir ki, idarə iyunun 1-də - Beynəlxalq Uşaqların Müdafiəsi günündə pulsuz aksiya keçirir: "Bu aksiyanın mahiyyəti ondan ibarətdir ki, günün bir hissəsində Bulvar ərazisində fəaliyyət göstərən attraksionlar, karusellər, gəzinti qatarları, gəmi uşaqların pulsuz istifadəsinə verilir. Bu, Bulvar İdarəsinin uşaqlara bayram hədiyyəsidir. Hətta bu dəfəki aksiya zamanı əvvəlki aksiyalarda işləməyən bir neçə karusel də uşaqların istifadəsinə verilib. Onlardan biri də Qorxulu Evdir. Bilirsiniz ki, Qorxulu Ev əvvəlki aksiyalara qoşulmurdu, amma bu ildən bu aksiyada bu evdən də uşaqlar pulsuz istifadə edə bilirlər. Çox sevindirici haldır ki, hava şəraiti bizə imkan verdi ki, dəniz gəzintisini təşkil edək. Çünki dəniz gəzintisinin baş tutması küləyin sürətindən çox asılıdır. Bu gün külək elə də çox olmadığı üçün şəhər sakinləri dəniz gəzintisindən də istifadə edirlər".

 

Nazim Məcidov bildirib ki, gələcəkdə də bu cür aksiyalar davamlı şəkildə keçiriləcək. Hər il olduğu kimi, bu il də aksiya səhər saatlarından başlayaraq günortaya kimi davam edib.

 

Çəkiliş qrupu ilə birlikdə Bulvar ərazisini gəzdik və uşaqların bu xoş günündə onları müşahidə etməyə çalışdıq. Uşaqlar qaçır, oynayır və çox xoşbəxt görünürdülər. Yaxınlaşıb arzularını soruşduq.

 

- Bu gün uşaqların bayramıdır. Mənim 3 yaşım var. Bütün uşaqları təbrik edirəm. Onlar dərslərini çox oxusunlar.

 

 - Mən rəqslə məşğulam. Yaxşı rəqs edirəm.

 

- Bura çox gözəldir. Bütün attraksionlara mindik, çox gözəl idi. Uşaqlara arzulayırıq ki, həmişə xoşbəxt olsunlar.

 

- Bu gün uşaqların müdafiəsi günüdür. Biz uşaqlara arzulayırıq ki, yaxşı oxusunlar. Mən hüquqşünas olmağı arzulayıram.

 

- Mən millət vəkili olmaq istəyirəm.

 

- Mən müəllimə olmaq istəyirəm.

 

- Biz indi Qorxulu Evə gedəcəyik. Labirintə gedəcəyik.

 

Fransız filosofu Jan Jak Russo deyir ki, əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz. Əziz uşaqlar, gününüz mübarək! 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar