Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 29-dək respublikanın rayonlarında qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir.
Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün, o cümlədən, mərkəzi-aran rayonlarında pambığın yetişməsi üçün kifayət qədər olacaq. Küləkli hava şəraiti bəzən pambığın yığımı və qurudulmasını, üzümün, meyvə və bostan bitkilərində məhsul yığımını, çoxillik otların biçini və yağıntılarla birgə bəzən səpiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpinqabağı işlərin aparılmasını çətinləşdirəcək. Bəzi rayonlarda gözlənilən yağıntılar torpağın su təminatının yaxşılaşdırılması və məhsuldar su ehtiyatlarının toplanması üçün əlverişli olacaq.