Türkiyə Böyük Millət Məclisinin millət vəkillərindən ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nümayəndə Heyətinə TBMM-nin millət vəkilləri Mustafa Kabakcı ,İdris Güllüce, Adnan Yilmaz, Tulay Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu daxildir.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi–iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verərək bildirib ki, bu strategiyadan ən önəmlisi bizi bağlayan qardaşlığımızdır.
Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.