Türk qadının tənəsi
14 oktyabr 2014 11:15 (UTC +04:00)

Türk qadının tənəsi

 

Bu günlərdə Antalyadan bir qonağım vardı. Məşhur otellər şəbəkəsində ciddi vəzifə daşıyan arkadaşla ordan-burdan xeyli söhbətləşdik. Bir balaca dinə meylli olsa da, xeyli oxumuş adam idi.

 

 

Oxuduqları islam üzərində pərvəriş tapan klassik və müasir ədəbiyyat deyildi təkcə. Məsələn, Nazim Hikməti, Camal Sürəyyanı, Əziz Nesini kifayət qədər yaxşı oxumuşdu və deyim ki, anlamışdı da!

 

Şübhəsiz, bütün söhbətlər axırda gəlib ya futbola çıxır, ya siyasətə. Bizdə ikinci oldu. Qarabağ savaşından danışdıq. Antalyada müharibədən zərərdidə olmuş xeyli azəri tanıdığını söylədi. Və son akkord. Həm də gülümsəyərək: “Niyə ermənilərdən qorxub qaçdınız ki?”

 

Təbii, öz çapıma uyğun bu sualın cavabını verdim. Hələ üstəlik 90-ların əvvəlləri üçün düşdüyümüz “yetim duruma” görə türk qardaşlarımızı borclu çıxardım. Əzəli-əbədi məntiqlə: “Harda idiniz?”

 

Amma bu sual məni 12 il əvvələ aparmadı desəm yalan olar... 12 il əvvəlin oktyabrına.

 

Məkan Malatya vilayəti... Ordan sınıq-salxaq bir təyyarə ilə Ankarada eniş eləmək şərti ilə İstanbula uçuruq. Onu deyim ki, təyyarədə özümü pis hiss edirəm. Çünki təzyiqim qalxır, ürəyim bulanır və s. Bunun da üstünə gəl yanına iflic olmuş yaşlı bir qadın yerləşdirirlər. Amma, iki-üç kəlmə kəsməmiş bu xəstə qadından elə pozitiv enerji alıram ki, təyyarə də yadımdan çıxır, təzyiq də.

 

Yaxamızda iştirak etdiyimiz tədbir, vətəndaşı olduğumuz ölkə və ad-familiyamız yazılmış yarlıq var. Qadın bədəninin yeganə hərəkət edən hissəsini – başını qaldırıb “Azerbaijan” kəlməsini oxuyunca gözlərində qəribə bir işıq peyda oldu. Özünü təqdim etdi mənə. Məlum oldu ki, uzun illər tarix müəllimi işləyib. Amma başına bu qəziyyə təqaüddə olduğu müddətdə gəlib. İndi Ankaraya müalicə üçün gedir. Nəvəsi aeroportda qarşılayacaq onu. Təyyarədə bu cür xəstələrə xidmət edən xüsusi adam var, onun köməyi ilə çıxışa qədər gedəcək. Belə...

 

Və keçmiş SSRİ ilə bağlı maraqlı söhbətlər...

 

Gəl 10 il orta məktəbdə, 5 il ali məktəbdə oxuduğun Rusiya və SSRİ tarixinin ən vacib dönəmlərini bir də Türkiyənin Malatya şəhərində müəllimlik edən təcrübəli bir mütəxəssisin dilindən eşit. Yanlış hesab etdiyim məqamlar da var, heyrət etdiyim məqamlar da!

 

Arayış üçün onu deyim ki, Malatya təkcə əriyi, cins fabriki və Sultansuda bəslənib Avropaya ixrac olunan çox qiymətli ərəb atları ilə deyil, həm də heç bir vaxt düşmənə boyun əyməyən bir məmləkət olduğuna görə vətəndaşlarına qürur bəxş edir. Belə bir məmləkətdə doğulub, böyümüş, oxumuş, işləmiş və yaşlanmış bir insanla söhbət etmək yurd-yuvası işğal altında qalan bir qələm adamı üçün xeyli çətin idi. Amma maraqsız da deyildi...

 

Və nəhayət gözlədiyim sual: “Qarabağdan niyə qaçdınız? Çeçenlər sizdən də azdır, amma heç vaxt vətənlərini tərk etmədilər!”

 

Özü də “Vətən” sözünü “Vatan” kimi tələffüz edir pirolmuşlar. İki daşın arasında ürəyimdən keçdi ki, bəlkə də vətənin güclü olma səbəbi elə bu tələffüzlə bağlıdır.

 

O vaxt da suala gücüm çatdığı qədər cavab vermişdim. Əslində elə haqlı idim! Ortada qos-qoca rus faktoru vardı o zamanlar! Silahsız idik. Hətta bəzi kəndlərdə quş tüfənglərini belə yığmışdılar. Zirehli texnikanın qarşısına “roqatka” ilə çıxası deyildik hər halda. Belə məqamlarda ən böyük qoçaqlıq arvad-uşağı götürüb qaçmaqdır ki, əsir düşməsinlər. Bir də axı ruslar çeçenlərə qarşı soyqırım törətmirdilər. Belə olsa Rusiyada bir nəfər də çeçen qalmamlı idi... Ya qovmalı, ya da öldürməli idilər. Ermənistanın bizə etdiyi kimi...

 

Güman edirəm ki, sayın öyrətmənə tutarlı cavab verdim. Amma, sualın mənə şillə kimi dəydiyini də gərək indi, 12 il sonra etiraf edim. Həm də elə bərk ki, bu müddət ərzində yadımdan çıxmayacaqdı... Təkrarlanmasaydı da!

                

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar