Azərbaycan insanı yaşlandıqca sağlamlığı bir yana, ehsan dərdi də onu narahat etməyə başlayır. “Meyitin ortada qalsın!”, “Ehsansız öləsən!” bizdə ən ağır qarğışlardan sayılır. Hətta “Ehsansız ölən atan belə olsun” tipli dərin milli-dini dəyərlərdən rişə götürən söyüşlərimiz də var.
Bu ilin yay aylarında yaxın bir qohumum rəhmətə getdi. Yaşlı qadın idi. Əslində çox əziyyət çəkirdi. Ölməyi fərz idi. İnanın, ölüm xəbərini eşidəndə istər-istəməz sevindim, “Canı qurtardı” - dedim. Amma dəfnə çatanda qarşılaşdığım situasiyaya heyrət elədim. Adamın himayəsində hər iki valideynini itirmiş azyaşlı nəvələri olduğu halda çox az məvacibindən bütün dəfn və ehsan pulunu yığıb bacısına vermişdi. Təsəvvür edin, evsiz-eşiksiz, ağır şəkər xəstəsi, min cürə qayğı... Şübhəsiz dərman pulundan da kəsmişdi bu məbləği yığmaq üçün.
Qohumlar qadının yığdığı pulları aidiyyəti üzrə xərcləmək üçün xüsusi komissiya yaratdılar, hər şeyin dəqiq hesabı aparıldı. Hətta bədxərc və avara nəvəsinə araqpulu da ayırdılar. Nədi-nədi səs-küy çıxmasın, arvadı urvatlı şəkildə o dünyaya yola salaq. Saldıq da! Ona bir ehsan verdilər ki, ye, üstündən barmaqlarını yala! İstəsən “kaçalka” suyuna qoyulmuş qazlı sudan iç, gəyir özünçün...
Yadımdadır, Laçında ikən bu insanlar ölü yerində ehsan yemirdilər. Eləcə çay içib, salavat çəkib gedirdilər. Ölən cavan idisə, çay da içməyə ürəyi gəlmirdi adamların. Ehsan üçün gətirilən bütün nemətlər zay olub atılırdı.
İndi vəziyyət fərqlidir. Bir yana baxanda adamları qınamaq da olmur. Uzaq yerlərdən gəlirlər. Hərə bir tərəfdədir. Məcburdurlar bir loxma da olsa yesinlər.
Qohumumun ehsanını verdilər, yasa yığılan pulla da təntənəli qəbir düzəltdilər ona. Himayəsiz uşaqların ehtiyaclarından daha vacib idi qəbirüstü abidə. Palaza bürün, elnən sürün! Sənin ölün kimin ölüsündən əskikdir?! Niyə ehsanı kasad, halvası yağsız, başdaşı balaca olsun? Kasıblığa qalsa, hamı kasıbdı. Yeməyindən, geyməyindən kəs, elin adətinə əməl elə!
Yasla bağla israf qadağası gündəmə gələndə ölümünü gözləyən qocalar toxtadılar bir az. Ən azı rahat ölmək olar indi – düşündülər. Amma uzun sürmədi, camaat yavaş-yavaş öz miskin mahiyyətinə qayıtdı. Hətta ehtiyac üzündən üçlə yeddini birləşdirmək ənənəsi də özünü doğrultmadı. Kor tutduğunu buraxmaz! Elə adətlər var ki, xəstəlik kimidir, qovmaqla getmir.
İnanılası deyil: palçıqla suvanmış qamış daxmalarda yaşayan insanların bütün ölülərinin başdaşı mərmərdəndir. Laçının Ağcabədi ərazisindəki torpaqlarına gedib, orda bu 22 ildə salınan qəbiristanlığa baxsanız dəhşətə gələrsiniz. Nəhəng daş muzeyi xatırladır. Xırdalan təpəsini yerin dibinə batırmaq üzrə olan məşhur qəbiristanlıq yalandır! Buranın diriləri torpağın, ölüləri mərmərin altındadır.
Yas yerlərində yemək-içməyi elə tökürlər ki, sanarsan var-dövlətlərinin qəsdinə durublar. Bir ölü üçün çəkilən xərc, məsələn, bir xəstə uşaq, bir imkansız ailə üçün əsla və əsla çəkilmir. Yola, suya, şoranlaşaraq məhv olan torpağın qaçılmaz meliorasiya işlərinə pul toplamaq isə təxəyyül fövqündədir. Bircə qəbirlər təmtaraqlı olsun! Ölü götürmək biri-birinin qarşısında imtahandır. Sanki gözəgörünməz münsiflər heyəti yas mərasimlərini xüsusi balla qiymətləndirir. Bu imtahandan kəsilmək ölüm-dirim məsələsidir!
Xeyir iş yas qədər ölçü ola bilməz. Çünki xeyir işə hazırlaşırsan, amma yas qəfil döyür qapını. Necə deyərlər, səni tumançaq yaxalayır. Heç nəyin gizlədə bilmirsən. Haya gələnlər qapı-bacanın səliqə-sahmanından, evdəki pal-paltarın təmizliyindən tutmuş ehsanın menyusuna qədər hər şeyi dəyərləndirir, uzun-uzun müzakirə aparırlar. Həmişə ona-buna mız qoyanın ölüsü düşəndə beyninin dünya elminə məlum olmayan neyronları işə düşür, yox yerdən, səhranın ortasında bir səltənət yaradır ki, gəl görəsən. Su maşını hardan gəlir, mağar necə qurulur, heyvan necə kəsilir, samovar necə qalanır müşahidə etmək hardasa imkansızdır. Bir də onda görürsən ki, cin yığnağının içindəsən. Molla başda oturub nəsə danışır, adamlar çayını qurtumlayaraq qulaq asır, arada tənbəl-tənbəl salavat çevirirlər.
...Şübhəsiz, bu doğma dirilərin ölüləri də doğmadır mənə. Amma lap uşaqlıqdan inanmışam ki, kasıb ailələrin ölüləri o ağır mərmərlərin altında əzilirlər.
Kasıblığın ən gözəl yanı sadəliyindədir. Adam ağılsız olanda, bu sadəliyi lazımsız xərc-xəsaratla gözdən salır və sən doğma ölü-dirilərin arasında azdırılmış küçük kimi darıxırsan...