Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunda mövcud mövzu planına uyğun olaraq “Azərbaycanda torpaq ehtiyatlarının mühafizəsi” üzrə 5 mövzu və 7 iş üzrə tədqiqatlar yerinə yetirilib.
İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dağlıq bölgələrdə yerləşən Şamaxı, İsmayıllı və Qobustan rayonlarında aparılan tədqiqatların məqsədi eroziyaya məruz qalan ərazilərdə eroziya prosesinin qarşısını almaq, torpağın mineral qatının səthi yuyulmasını səngitmək, maye və həm də sülb axımının aşağı salmaq və torpağın münbitliyini artırmaqdan ibarət olub. Nəticədə ərazidə əkilən kənd təsərrüfatı bitkilərinin boy və inkişaf parametrlərini yaxşılaşdıraraq onların məhsuldarlığının artırılmasına nail olunub.
Lənkəran rayonunda da eroziya prosesinin mövcud vəziyyətinin araşdırılması və eroziyaya qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması və təsərrüfat sahələrində tətbiqi məqsədilə tədqiqatlar aparılıb. Həmçinin Astara rayonunda suvarılan torpaqlarda irriqasiya eroziyasına qarşı mübarizə məqsədilə bu eroziya növünün yaranma səbəbləri və inkişaf amilləri öyrənilib və ona qarşı mübarizə tədbirləri hazırlanıb. Gədəbəy rayonunda eroziyaya uğramış kəndətrafı örüşlərin səthi yaxşılaşdırılması istiqamətində tədqiqatlar aparılıb. Kəndətrafı örüşlərin səthi yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər - malalama, mineral gübrələrdən istifadə edərək çoxillik otlardan və xaşa bitkisindən istifadə olunmaqla yaxşılaşdırma işləri yerinə yetirilib.
Ağsu rayonu üçün GIS texnologiyası əsasında eroziya təhlükəlilik elektron xəritələri hazırlanıb. GİS proqramı bazasında ərazinin relyef elementləri sistemləşdirilib verilənlər bazasına daxil edilərək, həm stasionar, həmdə kameral çöl tədqiqatları aparılıb və əldə olunan laborator nəticələrə əsasən yeni elektron xəritələr hazırlanıb.
Qeyd edək ki, bu tədqiqat işlərinin ümumi dəyəri 928,2 min manat təşkil edib.