Nazirlər Kabineti “Partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi Qaydaları”nı təsdiqləyib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Qaydalar “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb və partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi üzrə tədbirləri müəyyən edir.
Hava gəmisində partlayıcı qurğu və ya partlayıcı maddə olmasına dair şübhə yarandıqda, həmin hava gəmisi digər hava gəmilərindən təcrid edilir. Bu məqsədlə hər bir aeroportda əsas və təcrid edilmiş ehtiyat dayanacaq yerləri yaradılır. Təcrid edilmiş dayanacaq yerləri digər dayanacaq yerlərindən, sükan yolundan, uçuş-enmə zolağından, binalardan, ictimai zonalardan, yanacaq saxlanan yerlərdən (anbarlardan), tezalışan materiallardan, habelə ümumi istifadə yerlərindən ən azı 400 metr aralı yerləşdirilir və onların yerləşdiyi ərazidə yeraltı qaz, istilik xətlərinin və elektrik kabellərinin keçməsinə yol verilmir. Hava gəmisində və ya aeroport binasında, aeronaviqasiya avadanlıqlarının və ya enerji qurğularının yerləşdiyi yerlərdə partlayıcı qurğu və ya partlayıcı maddə aşkarlandıqda, onun təcrid edilməsi və zərərsizləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülür. Hər bir aeroportda təcrid edilmiş dayanacaq yerlərindən ən azı 100 metr aralıda xüsusi zərərsizləşdirmə yerləri təşkil edilir. Hava gəmisində və ya aeroportun və aviamüəssisələrin binalarında aşkar edilmiş partlayıcı qurğuların (maddələrin) daşınması hava gəmilərinin dayanacaq yerlərindən, binalardan, ümumi istifadə yerlərindən, yanacaq və elektrik qurğularından, rabitə və naviqasiya vasitələrindən aralıda həyata keçirilir. Hava gəmisinə və ya aeroportun və aviamüəssisələrin binalarına baxış zamanı şübhəli əşya aşkar edildikdə, əməkdaşların təhlükəsizliyinin təmin olunması və normal iş rejiminin pozulmasının minimuma endirilməsi üçün prosedur qaydalara riayət olunmalıdır.
Baş verə biləcək insidentin qarşısını almaq, habelə insan tələfatını minimuma endirmək məqsədi ilə xüsusi təlim keçmiş təhlükəsizlik xidmətinin əməkdaşları aşağıda göstərilən prosedur qaydalara və əlahiddə vəziyyət üçün nəzərdə tutulan yerli plana tam riayət etməlidirlər:
- əldə edilən məlumatın dəqiqləşdirilməsi;
- ərazinin boşaldılması;
- ərazinin mühafizəsinin təşkil edilməsi;
- hadisə yerinin nəzarətə götürülməsi.
Əldə edilən məlumatın dəqiqləşdirilməsi üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:
- aşkar edilmiş əşyanın partlayıcı qurğu olub-olmamasını müəyyən etmək;
- aşkar edilmiş əşyanın üzərində onun sahibi haqqında hər hansı bir məlumatın olub-olmamasını yoxlamaq;
- aşkar edilmiş əşyanın yaxınlıqda olan hər hansı bir şəxsə məxsus olub-olmamasını yoxlamaq. Belə əşyaların bir çox hallarda saatlı mexanizm və ya uzaqdan idarəolunma sistemi ilə təchiz olunduğunu nəzərə alaraq, bu prosedur dərhal yerinə yetirilməlidir;
- əşyanın dəqiq yerini müəyyən etmək, onun görünüşünü qısa təsvir etmək, lazım olduqda təhlükəsizlik orqanlarının əməkdaşları və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər gələnə qədər əşyanın təxmini yerini təyin etmək;
- şübhəli qurğunun məhz həmin yerdə ola bilməsi ehtimalını təsdiqləmək və aşağıdakı suallara aydınlıq gətirmək:
- şübhəli qurğu quraşdırıldığı yerdə partlayış baş verdiyi halda, personalın ölümünün və ya ciddi maddi ziyanın mümkünlüyünə;
- hücum olunan və ya hücuma cəhd edilən obyektin mühüm, həyati əhəmiyyətli və cəlbedici olmasına.
Bütün hallarda şübhə doğuran əşyalarla real partlayıcı qurğu kimi rəftar olunmalıdır. Aşkar edilmiş əşyanın daha dəqiq baxışdan keçirilməsi üçün onun ilkin vəziyyətinin və yerinin dəyişdirilməsi qəti qadağandır. Şübhəli əşyanın partlayıcı qurğu olduğu müəyyən edildikdən sonra ərazinin boşaldılması və mühafizəsinin təşkil edilməsi və hadisə yerinin nəzarətə götürülməsi işləri yerinə yetirilməli və fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş vəzifələrin icrasına başlanılmalıdır.
Şübhəli qurğunun olduğu ərazidən bütün şəxslər, eləcə də axtarış qrupunun üzvləri təxliyə edilməlidirlər. Belə zonaların ilkin radiusu, real şərait nəzərə alınmaqla, ən azı 100 metr olmalıdır. Ehtimal olunan partlayıcı qurğunun yaxınlığında şüşə örtüklü və arakəsməli obyektlər yerləşdikdə, tezalışan və ya partlayıcı maddələr saxlanıldıqda, binanın dağılması ehtimalı yarandıqda bu radius genişləndirilməlidir. Şübhəli qurğunun mövcud olması barədə məlumat dərhal növbədə olan müvafiq personala-təhlükəsizlik xidmətinin əməkdaşına və ya aeroport üzrə növbətçiyə çatdırılmalıdır. Şübhəli qurğunun müəyyən edildiyi əraziyə şəxslərin keçə bilməməsi üçün ərazi mühasirəyə alınır. Yaradılmış mühasirənin ərazisi hadisə yerindən, ehtimal olunan partlayıcı qurğunun ölçüsündən və təhlükəsizlik əməkdaşlarının qorunmasını təmin edə biləcək məsafədən asılı olaraq təyin edilir. Yaradılmış mühasirəyə yeganə giriş məntəqəsi təyin edilir və müvafiq əməliyyata rəhbərlik edən şəxsin icazəsi olmadan heç kim həmin əraziyə buraxılmır. Partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər tərəfindən qurğunun təhlükəsiz olduğu təsdiqlənənə qədər heç bir şəxsin yaradılmış mühasirə sahəsinə daxil olmasına icazə verilmir. Qəza-xilasetmə komandasının hadisə yerinə maneəsiz daxil olması və təhlükəsiz təxliyəni təmin etmək məqsədi ilə əlavə təhlükəsiz keçid zonası yaradılır.
Şübhəli qurğunun müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi ilə əlaqədar müvafiq orqan və xidmətlərin personalı məlumatlandırılır. Qurğunu müəyyənləşdirən şəxslər polis orqanlarına və partlayıcı qurğunu zərərsizləşdirən mütəxəssislərə kömək məqsədi ilə hadisə yerində qalır. Rəhbərliyi üzərinə götürəcək təhlükəsizlik orqanlarının əməkdaşları və yaxud mütəxəssislər hadisə yerinə gələnə qədər mövcud insidentlə əlaqədar hadisələrə mərkəzi nəzarəti həyata keçirmək üçün idarəetmə məntəqəsi yaradılır. Polis əməkdaşları gələnədək həmin məntəqə nəzarəti üzərinə götürür və sonrakı zəruri hərəkətləri müəyyənləşdirir. Hadisə yerinə gəlməli olan digər xidmətlərin əməkdaşlarının toplanması üçün mühasirədən kənarda yer ayrılır. Qəza-xilasetmə xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları müəyyənləşdirilmiş mühasirənin kənarında növbə çəkir, baş verə biləcək partlayışın və ya yanğının nəticələrinin aradan qaldırılmasına hazırlığı təmin edir. Partlayış baş verdikdə xəsarət almış əməkdaşlara dərhal yardım edilir və onlar ərazidən çıxarıldıqdan sonra partlayış nəticəsində əraziyə (ərazidə olan obyektlərə və s.) dəymiş zərərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Partlayışın nəticələrinin aradan qaldırılması nəzarətə götürüldükdən sonra ehtimal olunan əlavə partlayıcı qurğuların aşkar edilməsi məqsədi ilə axtarışlar davam etdirilir.