<b>Tətildən sonra işə alışmaq niyə <span style="color:red;">ÇƏTİNDİR?  - Ekspert açıqlaması</b>
27 mart 2019 13:44 (UTC +04:00)

Tətildən sonra işə alışmaq niyə ÇƏTİNDİR? - Ekspert açıqlaması

Adətən tətildən sonra işə başlayan insanlarda ilk günlər adaptasiya ilə bağlı müəyyən çətinliklər yaranır. Bu hal istər böyüklərdə, istərsə də uşaqlarda özünü göstərir.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən psixoloq Asəf  Kərimov bildirdi ki, qısa müddətli tətillərdən sonra adaptasiya problemi özünü o qədər göstərməsə də,  fəaliyyətimizə təsirsiz ötüşmür.

 

Psixoloqun sözlərinə görə, iş adamları adətən tətildə də işlədiklərindən bəlli problem yaşamırlar: “İnsanların kütəvi şəkildə işlədikləri yerlərdə, məsələn, təhsil sahəsində işləyənlər üçün adaptasiya problemi yaşana bilir. Az ünsiyyətdən sonra birdən-birə ünsiyyətin artması və s. problemlər yarada bilir. 

 

Müstəqil şəkildə fəaliyyət göstərən insanlara tətillər o qədər də təsir etmir. Amma nəzarət altında çalışanlar, insanları qəbul etmək, tapşırıqları yerinə yetirmək məcburiyyətində olanlar üçün müəyyən bir problemlər yaranır".

 

A.Kərimovun dediyinə görə, ümumi götürdükdə isə tətil yaxşı keçirilibsə, insanda müsbət əhval-ruhiyyə yaratmalıdır. "İşə müəyyən enerji ilə gəlməyə səbəb olmalıdır. Yox əgər insan tətil adı altında sadəcə ev işləri ilə məşğul olarsa, o insan üçün tətil olmur. Vaxtilə edə bilmədiyi işləri evə saxladığı üçün onları edir və eyni yorğunluqla rutin işlərə qayıtması müəyyən bir problemlər, narazılıqlar yaradır. Həqiqi tətil o zaman hesab olunur ki, insan itirilmiş enerjisini bərpa edir”.

 

Psixoloq onu da bildirib ki, tətildən sonra xüsusilə uşaqlarda bir ətalət yarana bilər. Belə ki, dərsə getməmək, getsə də dərslə məşğul olmamaq istəyi yaranır: “Görürsünüz ki, bəzən tələbələr, şagirdlər tətildən əvvəl bir neçə gün, eləcə də tətildən sonra bir-iki gün dərsə getmək, dərslə məşğul olmaq istəmirlər.

 

Uşaqlar əsasən səhər tezdən dərsə getmək və ev tapşırıqlarını yerinə yetirmək həvəsində olmurlar. Birinci günü tətillə bağlı təəssüratlarını bölüşürlər.  Dərslərlə bağlı müəyyən bir gecikmə olur, dərhal dərsə başlamırlar. Müəyyən ünsiyyətdən sonra dərs prosesinə köklənə bilirlər. Burada da yenə uşağın tətili necə keçirməsindən asılıdr. Əgər uşaq aktiv tətil keçiribsə, enerjisini bərpa etmiş şəkildə davam edəcək”.

 

Kərimov onu da vurğulayıb ki, uşaqları həddən artıq yüklənməkdən qorumaq lazımdır: “Dərslər və daha sonra hazırlıqlara getmək uşaqların dərsdən sonra normal gündəlik istirahətini təmin etməkdə çətinlik yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Aygün İbrahimli

Oxşar yazılar