Azərbaycanda sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sentyabrın 21-dən 22-si səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.