Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında bu gün növbəti məşğulluq tədbirini Sumqayıt və Gəncədə keçirib. Bu barədə Lent.az-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sumqayıt Dövlət Universitetində keçirilən aktiv məşğulluq tədbirində 3-ü dövlət, 26-sı qeyri-dövlət sektoruna aid ümumilikdə 29 müəssisə iştirak edib. Tədbir zamanı universitetdə tədris edilən ixtisaslara uyğun 192 boş (vakant) iş yeri tələbə və məzunlara təklif olunub. Onlardan 79-u sənaye, 54-ü xidmət, 23-ü tədris, qalanları isə digər sahələrə aiddir.
Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbə və məzunları üçün təşkil edilən aktiv məşğulluq tədbirində isə 16-sı qeyri-dövlət sektoruna aid 53 müəssisə tərəfindən 350 boş (vakant) iş yeri təqdim olunub. Hər iki tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığına cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən tələbələr üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.