Nazir 12 illik təhsildən danışdı
23 noyabr 2013 16:49 (UTC +04:00)

Nazir 12 illik təhsildən danışdı

“12 illik ümumi təhsilə keçid zamanı, təhsilin məzmununda baş verən yeniliklər bir sıra araşdırmaların nəticələrinin nəzərə alınmasını diktə edir”. Lent. az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Nazir bildirib ki, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. “Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı bir ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına gətirib çıxarır. Bununla yanaşı, təhsil müddətinin artırılması təhsilə ayrılan xərclərin də artması ilə nəticələnir. Özü də bu artım kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və olduqca böyük miqyaslı tədbirlərin həyata keçirilməsi perspektivlərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin strateji xəttini, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks etdirir”.

M. Cabbarovun sözlərinə görə, 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub: “Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaqdır. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır”.

Nazir inanırıq ki, ümumi təhsildə 12 illik təhsil modelinə keçid təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcəyini inandığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1757
avatar

Oxşar yazılar