Şübhəli şəxsin tutulması üçün konkret vaxt qoyulacaq
08 aprel 2014 12:19 (UTC +04:00)

Şübhəli şəxsin tutulması üçün konkret vaxt qoyulacaq

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar tətbiq edilir, saxlanılması ilə bağlı maksimum vaxt müəyyən olunur və bütün bunlarla bağlı məhkəmə orqanları üzərinə yeni öhdəliklər qoyulur.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihəyə əsasən, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə yeni 148.6. və 148.7. maddələri əlavə olunur.

 

Layihəyə əsasən, yeni 148.6. maddədə göstərilir ki, cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması bu məcəllənin paralel olaraq eyni əlavə olunan 148.7.-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməlidir. Məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

 

Paralel olaraq yeni əlavə olunan 148.7.-ci maddədə isə bildirilir ki, Cinayət Məcəlləsinin 102, 114, 169, 120.2.11, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282, və 283-1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu məcəllənin 148.6.-cı maddəsində (yuxarıda yeni əlavə olunan) nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə yalnız 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar