Sovet dönəmində qadağan olunmuş peşə  - ARAŞDIRMA
05 may 2013 12:42 (UTC +04:00)

Sovet dönəmində qadağan olunmuş peşə - ARAŞDIRMA

Bəzi Qeyri Hökumət Təşkilatları sosial işi öz üzərilərinə götürərək müəyyən işlər görüblər, sosial problemləri həll etmək üçün çalışıblar. Amma apardığımız araşdırma zamanı bəlli oldu ki, onların gördüyü iş sosial işçilərin gördüyü iş qədər effektiv deyil”. Bu sözləri dünən keçirdikləri mətbuat konfransında Azərbaycan Sosial İş İctimai Birliyinin rəhbəri Aytəkin Hüseynli bildirdi. O, Beynəlxalq Sosial İşçilər Federasiyasının (BSİF) baş katibi Rori Trueli Bakıya dəvət etdiklərini dedi: “BSİF 1928-ci ildə yaradılıb və 90 ölkənin sosial iş qurumları bu beynəlxalq təşkilatın üzvüdür. Biz isə yalnız ötən il bu quruma üz yazılmışıq”.

Sovet dönəmində qadağan olunan peşə

Azərbaycanda sosial işin son illər inkişaf etdiyini deyən A.Hüseynli dedi ki, ötən il ölkəmizdə “Sosial xidmətlər haqqında” qanun qəbul edilib: “Artıq bir neçə ildir ki, Bakı Dövlət, Turizm və Azərbaycan universitetlərində “sosial iş” ixtisası açılıb. Sosial işçilər insanlara kömək edən peşə sahibləridir. Sovet dönəmində bu peşə qadağan olunmuşdu. Hökumət hesab edirdi ki, ölkədə problem olmadığından sosial işçiyə ehtiyac yoxdur”.

A.Hüseynlinin sözlərinə görə, Azərbaycanda bu sahə yeni fəaliyyətə başladığından sosial sahədə problemlər var: “Sosial sahələrdə çalışanlar ancaq sosial işçilər olmalıdır. Lakin bu gün Azərbaycanda sosial xidmət sahələrində fizika, kimya ixtisasını qurtaran insanlar çalışır. Sosial müdafiədən söhbət gedən idarələrdə, həmçinin Qocalar, Uşaqlar və Əlillər Evində sosial işçilər çalışmalıdır. Çünki məhz sosial işçilər insanlarla necə münasibət qurmağın lazım olduğunu bilir. Sosial işçilər insanlara fərdi yanaşmağı bacarır. Çünki bunun nəzəriyyəsini keçiblər. Sosial işçi bir ailənin evinə gedəndə orada 10 problem gördüyü halda, qeyri-sosial işçi ancaq bir problem – kasıbçılığı görür və problemin həllini həmin ailəyə maddi yardım etməkdə görür. Amma sosial işçi kasıbçılıqla yanaşı, ailədə alkoqolizmə aludəçiliyin, psixi sağlamlıq probleminin, qadına və uşaqlara zor tətbiq edildiyini görür”. 

Hindistan iqtisadiyyatını necə inkişaf etdirir?

A.Hüseynli bildirdi ki, sosial işçi kasıbçılığın səbəblərini görüb ondan çıxış yolu arayır: “Çünki maddi problem ən son görülməli problemdir. Ondan əvvəl gələn problemləri həll etməklə yoxsulluğu aradan qaldırmaq olar. Azərbaycanda məhz sosial sosial işlərlə bağlı qurumlarda sosial işçilər çalışmadığına görə bir çox sosial problemlər həllini tapmır”.

Hindistan hökumətindən misal çəkən A.Hüseynli bildirdi ki, sözügedən ölkə iqtisadiyyatını gücləndirmək üçün xaricdən sərmayələr cəlb etməyə çalışıb: “Amma bu, heç bir nəticə vermədi. Çünki ölkədə kasıbçılıq, cəhalət baş alıb gedirdi. Buna görə də Hindistan hökuməti ölkədə sosial problemləri aradan qaldırmaq üçün 600 min nəfər sosial işçini işə qəbul edib. Türkiyədə də son 5 ildə 50 universitetdə sosial iş ixtisası açılıb”.

A.Hüseynli qeyd etdi ki, Azərbaycan Sosial İş İctimai Birliyi fiziki qüsurlu insanlar, gənclər, yaşlılar, uşaqlar və digər qruplarla işləmək üçün sosial işçi yetişdirmək məqsədilə təlimlər keçir. 

“Bizim peşə olmadan cəmiyyətlər inkişaf etmir”

Azərbaycan Sosial İş İctimai Birliyinin dəvəti ilə Bakıya gələn Beynəlxalq Sosial İşçilər Federasiyasının (BSİF) baş katibi Rori Truel ölkəmizə səfəri zamanı bir sıra rəsmi qurumlarda, Milli Məclisdə və universitetlərdə görüşlər keçirdiyini bildirdi: “Bu sahənin inkişafına marağın olduğunu görüb sevindim”.

Hazırda BSİF-in bir milyon üzvünün olduğunu deyən R.Truel 2020-ci ildə bunun üç milyon nəfər olacağını düşündüyünü bildirdi: “Dövlətlər artıq başa düşürlər ki, sosial işçilər olmadan ölkədə inkişafdan söhbət gedə bilməz. Təkcə ölkələr deyil, BMT və digər beynəlxalq qurumlar da dərk edirlər ki, bizim peşəmiz olmadan cəmiyyətlər çox çətin inkişaf edəcəklər”.

Sosial sahələrdə sosial işçilərin gördüyü işin daha effektiv olduğunu deyən R.Truelı bildirdi ki, bu sahənin inkişaf etdiyi ölkələrdə sosial işçilər ölkənin sosial siyasətinin formalaşmasına kömək edirlər: “Bu işçilər daim insanlarla təmasda olduqlarından onlara nə lazım olduğunu bilirlər. Ölkələr bilirlər ki, cəmiyyətdə sosial problemlər – yoxsulluq, savadsızlıq, cəhalət, xəstəlik varsa, orada inkişafdan söhbət gedə bilməz. Çünki ölkənin inkişafı onun iqtisadiyyatından asılıdır. Problemləri olan ölkədə isə heç bir sahibkar sərmayə qoymaq istəmir. Beləliklə, həmin ölkələr getdikcə inkişafdan qalırlar. Buna görə də hökumətlər dərk edirlər ki, sosial problemlər həll olunmadan iqtisadiyyatın inkişafı mümkün deyil”. 

Sosial işçilərin vəzifəsi

R.Truel Yeni Zelandiyada sosial işçilərin gördüyü işlə bağlı bir misal çəkdi: «Hökumət bir qrup alkoqoldan istifadə edən qadından uşaqlarını almaq istəyirdi. Dövlət hesab edirdi ki, sözügedən analar alkoqoldan və narkotikdən istifadə etdiklərindən övladlarını saxlamaq gücündə deyillər. Sosial işçilər isə həmin qadınlara alkoqoldan və narkotikdən qurtulmağı təklif etdi və bu işdə onlara bütün gücləri ilə yardım etdilər. Həmin qadınları eyni məhləyə köçürdülər ki, hansısa problemləri olanda bir-biri ilə əlaqə saxlaya bilsinlər. Çünki insanlar problemlərin öhdəsindən təkbaşına gələ bilmirlər. Beləliklə, sosial işçilərin sayəsində həmin qadınlar normal həyatlarına döndülər və hökumət onların uşaqlarını almadı. Uşaqları alınıb uşaq evinə verilənlər isə yenidən övladlarına qovuşa bildilər. Bununla da həm cəmiyyət, həm də dövlət qazandı. Təsəvvür edin, həmin uşaqları saxlamaq üçün dövlət müəyyən miqdarda pul ayırmalı idi. Yaxud həmin qadınlar alkoqol və narkotikdən istifadə edərək cinayət törədərək həbsxanaya düşəcəkləri təqdirdə də onları dövlət saxlamalı idi”.

R.Truel hesab edir ki, heç kəs sosial problemlə üzləşməkdən sığortalanmayıb: “Çünki iqtisadiyyat hər gün dəyişir və bu, hər bir fərdə təsir edir. Sosial işçilərin vəzifəsi belə vəziyyətlərdə bu cür insanlara kömək etmək, lazımi istiqamətə yönəltmək, dövlətin sosial müdafiə sistemindən istifadəsinə yardım etməkdir”.

 

"Kaspi" qəzeti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2195
avatar

Oxşar yazılar