“Apteklərdə yoxlamaların aparılması mövcud qanunvericilik çərçivəsində və Ədliyyə Nazirliyində mövcud reyestrdən keçiriləndən sonra icra olunur. Bu məsələ daim nazirliyin nəzarəti altındadır”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, apteklərdə qanunsuz dərman satışının aşkarlanması əvvəlki vaxtlarla müqayisədə yox dərəcəsindədir: “Amma söz yox ki, bu gün də belə hallara rast gəlinir. Apteklərdə qanunsuz dərmanlara rast gəlinəndə onlara qarşı müvafiq ölçü götürülür”.
Nazir müavini Azərbaycan səhiyyəsinin prioritet istiqamətlərində birinin də infeksiyalara qarşı mübarizə aparılması olduğunu bildirib: “Dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda 10 infeksion xəstəliyə qarşı vaksinasiya aparılır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycanda pnevmokok infeksiyasına qarşı da vaksinasiya həyata keçiriləcək. Bu prosesə qısa zamanda başlanması gözlənilir”.