Sevgidə qoxu
02 sentyabr 2014 12:45 (UTC +04:00)

Sevgidə qoxu

Mərhum şairimiz Eldar Baxışın sərçə haqqında maraqlı bir şeiri var. Şeirdə yazı-yayı kefə baxıb, qışı isti ölkələrə uçan “nankor” quşlarla müqayisə edilən sərçəyə xitabən deyilir:

 

Qapımızda donan sərçə -

Sənə nə oldusa sevgidən oldu!

 

 

Sevgi – sözün böyük anlamında özünü qurban verməkdir. İnsan ən ciddi özünüinkara sevməklə başlayır. Sevgisinə qovuşan hər kəsin içində bir gənclik “qətlə yetirilmişdir”. Bəs təbiətin digər canlıları arasında bu duyğu hansı xüsusiyyətlərlə xarakterizə olunur? Yaxınlarda bu mövzuda baxdığım sənədli film məni heyrətləndirmədi desəm, yalan olar.

 

 

Demək, əks cinsə münasibətdə ən həssas canlılardan biri, inanmayacaqsınız, kərgədan imiş! Kərgədanlar zəif görür, bunun əvəzində iybilmə qabiliyyətləri çox güclüdür. Erkək bir kilometrdən əks cinsin qoxusunu ala bilir və onu asanlıqla axtarıb tapır. Əsl maraqlı hərəkət bundan sonra başlayır: dişinin naz etməsi günlərlə çəkir. Bu zaman erkək onu saatlarla qovur. Buna görə ac qalır, yüksək enerji tükədir. Ən əsası, başqa erkəklərlə ölüm-dirim savaşına girir. Eşqi üçün ağır yaralanır, bəzən məhv ola bilir.

 

 

Daha bir maraqlı fakt: bu mövzuda ən həssas canlılar siyahısında ikinci yeri ilanlar tutur.

 

 

Birinci yerin sahibləri isə Avstraliya hörümçəkləridir. Çünki dünyada heç bir erkək əks cinslə münasibət müqabilində öz həyatını tərəf müqabilinə qurban vermir.

 

Bildiyiniz kimi, hörümçəklər, xüsusən də, arxası qırmızı dişi Avstraliya hörümçəkləri öldürücü zəhərə malikdir. Tor toxumaqdan əlavə onlar əvvəldən hazırladığı “kisə”lərdən də istifadə edirlər. Onu qeyri-adi ustalıqla öz ovlarının “başına atıb” hərəkətini tam məhdudlaşdırırlar. Üstəlik, güclü, uzun və yapışqanlı ayaqları ilə şikarı özünə tərəf sıxıb zəhərləyirlər. Bu hörümçəklərin erkəyi dişisindən xeyli balacadır. Həşəratların cütləşməsi bəzən erkəyin bir, ya iki ayağını itirməsi, bəzən isə tamamilə məhv olması ilə nəticələnir. Dişi hörümçək bu məhvolma prosesi vaxtı asanlıqla mayalana bilir.

 

 

Erkək Avstraliya hörümçəyi dişi ilə ilk izdivaca onun qurduğu həssas tellərdən “vızov” göndərməklə başlayır. Dişini qıcıqlandırır və cütləşməyə hazır olub-olmadığını əks reaksiya ilə bildirir. Erkək “hə” cavabı alınca, dişinin hördüyü torla onun ağuşuna şığıyır.   

 

 

Əlbəttə, qeyd etdiklərimizin heyvan və həşəratlarda şüurlu baş verdiyini iddia etmək çətindir. Ancaq, məncə, bu mürəkkəb prosesi yalnız instinktlərlə izah etmək də yanlışdır.

 

Qəribəsi nədir? Şüurlu canlı sayılan insanlarda da cinslər arasındakı münasibətdə qoxu önəmli rol oynayır. Bəzən qızla oğlan ayrılmaq üçün sürəkli bəhanələr axtarır, bəzən bunu uydurur. Ancaq izdivacın qoxuya görə pozulduğu onların ağlının ucundan da keçmir.

 

 

Mütəxəssislər bu barədə ciddi təcrübə də aparıblar. Kişilərin və qadınların qoltuğuna xüsusi mayedə islanaraq yapışdırılmış parçadan alınan qoxunu qadınların müzakirəsinə veriblər. Onların bəyəndiyi qoxular, əsasən kişilərə məxsus olub. Təcrübə əksinə keçiriləndə də eyni effekt alınıb.    

 

 

Çağdaş alman yazıçısı Patrik Züskindin məşhur “Parfümer” əsəri təxminən bu mövzudan təsirlənərək qələmə alınıb. Əsərin qəhrəmanının anadangəlmə qoxusu yoxdur. Əvəzində onun müdhiş iybilmə qabiliyyəti var. Və o, bu qabiliyyətindən ətir düzəltmək üçün istifadə edir. Ətir üçün ləvazimatı isə qətlə yetirdiyi qadınların bədəni soyuduqca onların xüsusi mayedə islanmış parçaya hopan qoxusundan alır. Bir gün sənətinin elə bir mərhələsinə yüksəlir ki, tamamilə şeytani hisslər yaradan qoxular əldə edə bilir. Əsərin finalında bədəninə sürtdüyü ətrin qoxusu onun əsl kimliyi barədə insanların şüuraltına məlumat ötürür və insanları onu əlləri ilə parça-parça edirlər.

 

 

Qoxu, həssaslıq və fədakarlıq məsələsində insan kərgədan, ilan və hörümçəyə biabırçı şəkildə uduzur. Məncə bu, kosmosun bizə iltifatıdır. Yoxsa əks cinslə münasibət əsl məşəqqət olardı...          

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Şərif Ağayar

Oxşar yazılar