SƏLİS-in təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilir.
Lent.az xəbər verir ki, şura sədri Azay Quliyev giriş nitqi ilə çıxış edib. O, SƏLİS barədə ətraflı məlumat verib.
Sonra Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov SƏLİS-in təqdimat mərasimində çıxış edib.
O bildirib ki, Azərbaycan dövlətinin inkişafının təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyən edib: "1993-2003-cü illər dövlət quruculuğu baxımından çox əhəmiyyətli dövr idi. Bu dövrdə bir sıra qlobal layihələr reallaşdırıldı, beynəlxalq əlaqələrin qurulması baxımından əhəmiyyətli addımlar atıldı. 2003-2006-cı illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşdirilməsi dövrü, yeni trendlərlə zəngin tarixi dönəmdir. Həmin dövrdə vətəndaş məmnunluğu ən ümdə dövlət prioritetlərindən biri olub. 2007-2008-ci illərdə Prezident İlham Əliyev iki mühüm konsepsiya qəbul etdi. Bunlardan birincisi vətəndaş məmnunluğunun təmin edilməsi, digəri isə KİV-ə dövlət dəstəyi konsepsiyası idi. Hər iki konsepsiya üzrə müvafiq dövlət qurumları yaradıldı.
“2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursuna başlayıb. Bu kursun əsasını şəffaflaşma təşkil edir. Hələ də kölgə iqtisadiyyatı var və buna qarşı mütəşəkkil mübarizə aparılır. Şəffaflaşmaya qarşı çıxanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. Bu gün şəffaflaşma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş bu prosesdə iştirak edir”, - deyə Prezidentin köməkçisi qeyd edib. (Azadinform)
Həmçinin, Milli Məclis sədrinin müavini xanım Bahar Muradova təqdimat mərasimində nitq söyləyib.
Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai SƏLİS-in təqdimat mərasimində çıxış ediblər.
Şura cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında vahid elektron bazada birləşdirilib.
SƏLİS-i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.
SƏLİS-ə daxil olan proqramlar
1. e-Ərizə
Bu xidmət Şuranın qrant müsabiqələrinə müraciət edən QHT-lərin elektron məlumat bazasını təşkil edir. QHT-lər bu proqramda bir dəfə qeydiyyatdan keçməklə şəxsi kabinetini yaradır və Şuranın bütün qrant müsabiqələrində iştirak etmək imkanı əldə edir. Proqram, həmçinin Şuraya istənilən sayda qrant müsabiqəsinin eyni zamanda keçirilməsinə şərait yaradır.
2. e-Ekspertiza
Müstəqil və dövlət qurumlarından olan ekspertlər bu proqramdakı şəxsi kabinetləri vasitəsilə Şuranın qrant müsabiqəsinə daxil olan layihələri elektron qaydada qiymətləndirir və ona müvafiq rəy verir. Qiymətləndirmə zamanı subyektiv amillərə yol verilməməsi üçün QHT-lərin fərdi kabinetində olan məlumatlar ekspertlərə təqdim edilmir. Bu proqram eyni zamanda ekspertlərlə bağlı zəruri məlumatları özündə birləşdirir və ekspert bankı funksiyasını daşıyır.
3. e-Vətəndaş
Yerli və beynəlxalq təcrübədə ilk dəfə tətbiq olunaraq Şuranın layihələrin maliyyələşdirilməsi ilə bağlı qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığını təmin edir, layihələrin əsas benefisiarları olan ölkə vətəndaşlarına həmin layihələrin vacibliyi və ictimai əhəmiyyəti barədə rəy bildirərək istənilən sayda layihəni qiymətləndirmək imkanı yaradır. Vətəndaşların rəyləri qərar qəbulu zamanı nəzərə alınır.
4. Şura üzvlərinin layihələri onlayn qiymətləndirməsi
Şura üzvləri qrant müsabiqələrinə təqdim olunan layihə sənədləri, eləcə də vətəndaş və ekspert balları və rəyləri, Katibliyin arayışı ilə vahid bazada tanış olaraq, layihələri onlayn qiymətləndirmək imkanı əldə edir. Bu qərar qəbulu prosesini asanlaşdırmaqla yanaşı onun obyektivliyini və operativliyini xeyli artırır.
5. e-Apelyasiya
Şura donorlar arasında ilk dəfə olaraq qrant müsabiqələrinin nəticələri ilə bağlı qərarlarını QHT-lər tərəfindən mübahisələndirmək üçün onlara apelyasiya imkanı yaradır. Qrant müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lər müraciətlərini elektron qaydada Apelyasiya Komissiyasına təqdim edirlər. Qısa müddətdə həmin müraciətlərə baxılır və müvafiq qərarlar qəbul olunur.
6. Onlayn apelyasiya
Sağlamlıq imkanları məhdud olan, regionlarda fəaliyyət göstərən, xarici səfərlərdə olan, həmçinin digər üzrlü səbəbdən Apelyasiya Komissiyasının iclaslarında iştirak edə bilməyən QHT nümayəndələri əlavə vaxt və resurs sərf etmədən iclaslara onlayn formada qatıla bilir.
7. e-Müqavilə
Qrant müsabiqələrində qalib olan QHT-lər Şuranın ofisinə gəlmədən qrant müqaviləsinin bağlanılması üçün tələb olunan sənədləri və müqavilənin mətnini onlayn qaydada Şura Katibliyi ilə razılaşdırır. Bundan sonra QHT qrant müqaviləsi imzalamaq məqsədilə elektron qaydada vaxt seçimi üçün e-növbə proqramına keçid edir.
8. e-Növbə
Müqavilə sənədlərini razılaşdıran QHT-lər müqavilənin imzalanması üçün bu proqram vasitəsilə Şuraya gəlmə vaxtını seçir. Şuranın ofisində quraşdırılmış monitorda QHT-lərin növbə sırası əks olunur. Şuranın ofisinə gələn QHT təmsilçisi cəmi 1 dəqiqə ərzində qrant müqaviləsini bağlayır və layihənin icrası üçün növbəti mərhələyə keçir.
9. e-İdarəetmə
Şura ilə qrant müqaviləsi bağlayan QHT-lər layihədə nəzərdə tutulan fəaliyyətlərə dair bütün məlumatları bu proqram vasitəsilə sistemə daxil edir və Şura Katibliyini məlumatlandırır. QHT hazırladığı çap məhsullarını, video materialları və elektron resursları da Şura Katibliyi ilə bu proqram üzərindən razılaşdırır. Bununla da Şura Katibliyi ilə QHT arasında kommunikasiyanın tam olaraq elektron qaydada qurulması təşkil edilir və qarşılıqlı nəzarət təmin olunur. Katiblik və QHT arasında aparılan bütün yazışmalar arxivləşdirilir.
10. e-Monitorinq
Şura Katibliyi QHT-lərin icra etdiyi layihələr çərçivəsində gördüyü işlər haqqında təqdim etdiyi məlumatları araşdırır, uyğunsuzluqlar barədə qeydlərini bildirir və layihənin icra prosesinin monitorinqini elektron qaydada həyata keçirir.
11. e-Hesabat
QHT-lər icra etdikləri layihələrin təsviri və maliyyə hesabatlarını qrant müqaviləsi ilə müəyyən edilmiş vaxtda elektron formada bu xidmət vasitəsilə Şura Katibliyinə təqdim edir. Layihənin təsviri və maliyyə hesabatları eyni anda göndərilir və Katiblik əməkdaşları hesabatlardakı məlumatları araşdırdıqdan sonra QHT ilə yekun akt bağlanılır. QHT-nin layihənin icra prosesi ilə bağlı e-idarəetmə proqramına daxil etdiyi məlumatlar hesabat proqramına inteqrasiya olunur ki, bu da onların yekun hesabatının əsasını təşkil edir və bu prosesi xeyli asanlaşdırır.
12. e-Müşahidə
Bu proqram vasitəsilə ölkə vətəndaşları Şuranın maliyyə dəstəyi ilə QHT-lərin həyata keçirdiyi layihələrin hesabatlıq vəziyyətini onlayn qaydada müşahidə edir. Müəyyən olunmuş müddət ərzində layihə hesabatlarını təqdim etməyən QHT-lərlə bağlı məhdudiyyət tədbirləri tətbiq olunur və bu barədə QHT-lərə avtomatik olaraq proqram vasitəsilə elektron bildiriş göndərilir. Bu da QHT-lər arasında məsuliyyəti, nizam-intizamı, eyni zamanda şəffaflığı və aşkarlığı artırır.
13. e-Razılaşdırma
Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırılması qaydasına uyğun olaraq dövlət orqanlarının keçirdiyi qrant müsabiqələrinin mövzuları və müsabiqələrə təqdim olunan layihələrin maliyyələşdirilməsi bu proqram vasitəsilə Şura ilə razılaşdırılır. E-razılaşdırma həmçinin dövlət orqanları tərəfindən QHT-lərə verilən layihələrin bir bazada cəmləşməsi və onlar haqqında müvafiq təhlillərin aparılmasını təmin edir.
14. e-Məsləhət
Şuranın QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətlərindən biri olan konsultativ xidmətin onlayn qaydada təşkilini təmin edir. Bununla bağlı Şuranın rəsmi feysbuq səhifəsində QHT fəaliyyətinə aid müxtəlif mövzularda məsləhət xidməti təşkil olunur. Bu xidmətdən QHT fəaliyyəti ilə maraqlanan digər şəxslər də istifadə edə bilir.
15. SƏLİS App
Şura haqqında məlumatların və eləcə də Şuranın göstərdiyi xidmətlərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə “SƏLİS” mobil tətbiqetmə vətəndaşların istifadəsinə verilib. Bu tətbiq, həmçinin QHT-lərə Şuranın elektron xidmətlərindən mobil telefon vasitəsilə daha rahat istifadə etmək imkanı yaradır. Bu xidmətin üstünlüklərindən biri də Şuranın fəaliyyəti ilə bağlı zəruri məlumatların mobil tətbiqetmə istifadəçilərinə avtomatik olaraq göndərilməsidir.
16. İnnobank.az saytı
Şura ictimai əhəmiyyətli ideyaları toplamaq və həyata keçirmək, QHT sektorunda çalışanların potensialını üzə çıxartmaq, onları stimullaşdırmaq, QHT nümayəndələrinin bilik və bacarıqlarını artırmaq, QHT-lərin fəaliyyəti haqqında məlumatları ictimailəşdirmək və elektron baza yaratmaq məqsədilə innobank.az saytını istifadəyə verib. Sayt İdeya, Ekspert, Kadr, Könüllü, Təlim və Hesabat adlı 6 bankdan ibarətdir və hər biri müvafiq sahə ilə bağlı məlumatları özündə cəmləşdirir.
17. e-Müraciət
Vətəndaşlar, o cümlədən QHT nümayəndələri ərizə, təklif və şikayətlərini elektron qaydada Şuraya göndərə bilir. Bu da vətəndaş müraciətlərinin sistemləşdirilməsini və onlarla vahid baza vasitəsi ilə əlaqə saxlanılmasını təmin edir.
18. Çağrı mərkəzi
Şura ilə vətəndaşlar arasında əlaqələrin operativliyinin və keyfiyyətinin artırılması məqsədilə yeni Çağrı Mərkəzi istifadəyə verilib. Çağrı Mərkəzinə daxil olan bütün zənglər qeydə alınır, arxivləşdirilir və müvafiq statistik məlumatların çıxarılması təmin edilir.
19. Qaynar xətt
QHT-lərin, eləcə də digər vətəndaşların təklif və şikayətlərinin daha asan və çevik formada Şuraya çatdırılması, daxil olan müraciətlərin operativ araşdırılması məqsədilə 1672 nömrəli Qaynar xətti fəaliyyət göstərir.
20. Şura Katibliyinin daxili idarəetmə proqramı
Bu proqram Şura Katibliyinin işinin müasir tələblərə uyğun şəkildə qurulması və əməkdaşların fəaliyyətinin səmərəliliyinin ölçülməsini təmin edir.
Proqram 3 komponenti özündə birləşdirir:
- Kadrların idarə olunması - Şura üzvləri və Katibliyin əməkdaşlarına aid olan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq vahid elektron bazada toplanır.
- Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi - Katibliyin əməkdaşlarının gündəlik fəaliyyətinin ölçülməsini və qiymətləndirilməsini həyata keçirir.
- Tapşırıqların icrasına nəzarət - Rəhbərliyin verdiyi tapşırıqların icrasının səmərəliliyinin artırılmasını, icra prosesinə nəzarətin gücləndirilməsini və fəaliyyətin çevikliyinin təmin olunmasını təşkil edir.
1262