Səlim Müslümov BMT-də Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib
02 aprel 2014 16:01 (UTC +04:00)

Səlim Müslümov BMT-də Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib

Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci

sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası

sahəsində görülən işlərə dair Azərbaycanın ilk məruzəsi təqdim olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən ibarət olan nümayəndə heyəti iştirak edir.

 

 

Əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov məruzədə ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib: “Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan 20% hissəsindən qaçqın düşmüş insanlar arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir”.

 

 

Nazir diqqətə çatdırıb ki, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitin yaradılması həm ölkənin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Eyni zamanda, “Əlillərin hüquqları haqqında” Konvensiyaya uyğun olaraq, bu sahədə qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylər davam etdirilir.

 

S. Müslümov əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı

Azərbaycanda həyata keçirilən fəal siyasəti konkret göstəricilər əsasında diqqətə çatdırıb. “2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin martında prezidentinin imzaladığı, 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən, əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub. Eyni zamanda əmək pensiyasını almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği artırılaraq yaşayış minimumunu üstələyən məbləğdə müəyyənləşdirilib”.

 

Əlilliyi olan şəxslərin dövlət tərəfindən mənzil, minik avtomobili, digər reabilitasiya vasitələri, bərpa-müalicə xidməti, dərman preparatları ilə təminatından söz açan S. Müslümov onların məşğulluq imkanlarının genişləndirilməsinə, təhsil almaları və peşə hazırlığı keçmələri üçün lazımi şəraitin yaradıldığına, ölkədə əlil idmanının inkişafına dair məlumatları da sessiya iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin, nazir Konvensiyaya

uyğun olaraq, əlilliyi olan şəxslər üçün sosial infrastrukturdan, nəqliyyat, İKT və rabitədən istifadənin təmin olunması məqsədilə Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verib, bu məsələnin daim hökumətin diqqətində dayandığını vurğulayıb.

 

Sessiyada Avropalı ekspertlər “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk

məruzəsini yüksək dəyərləndirib və Konvensiyanın icrası ilə bağlı ölkəmizdə görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Sonra sessiya iştirakçılarının Konvensiyanın bir sıra müddəalarının icrası ilə əlaqədar sualları cavablandırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar