Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun iştirakı ilə Qaxda yeni inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış binasındakı evlər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, habelə 8 ədəd minik avtomobili müharibə əlillərinə verilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, mərasimdə nazir əlil və şəhid ailələrinin mənzillə, müharibə əlillərinin avtomaşınla təminatı sahəsində mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu tədbirlərin son 10 ildə prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirildiyini bildirib.
F.Ələkbərov bildirib ki, dövlət başçısının tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib və müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilib.
Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib. Bu il verilməsi nəzərdə tutulan 280 minik avtomobilindən 180-i artıq əlillərə verilib. Qarabağ əlilləri və şəhid ailələri onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.