Seçkiyə 40 saat qalmış - REPORTAJ
07 oktyabr 2013 16:21 (UTC +04:00)

Seçkiyə 40 saat qalmış - REPORTAJ

Lent.az-ın əməkdaşları seçki qərargahlarını gəzdilər...

 

Azərbaycanda prezident seçkilərinə iki gün qaldı. Artıq bütün namizədlər seçki kampaniyasını yekunlaşdırmaqdadır. Səsvermənin başlamasına az qalmış Lent.az-ın müxbiri namizədlərin seçki qərargahlarında olub.

 

İlk baş çəkdiyimiz yer isə prezidentliyə namizəd Zahid Orucun seçki qərargahı idi. Səhər saatlarında üz tutduğumuz qərargahda cəmi iki nəfər vardı. Bir müddət sonra isə qərargaha rəhbərlik edən Ərəstun Əlioğlu gəldi. Onu da qeyd edək ki, Ə. Əlioğlu BDU Tarix Fakültəsinin məzunu, Siyasi Araşdırmalar İnstitutunun əməkdaşıdır. Ə.Əlioğlu müxbirimizlə söhbətində bildirdi ki, hazırda seçki qərargahında  8 nəfər fəaliyyət göstərir. Həmçinin qərargahımızda bir neçə politoloq da çalışır. Qərargah fəaliyyətini uğurla davam etdirir və qarşıdan gələn seçkiləri səbirsizliklə gözləyirik. Seçki Qərargahına edilən müraciətlərə gəlincə, qeyd etməliyəm ki, bura ən çox mətbuat nümayəndələri müraciət edir və onların arasında xarici KİV-də var. Sosial şəbəkələr vasitəsi ilə isə, bizə vətəndaşlar tərəfindən müraciətlər ünvanlanır”.

 

Növbəti üz tutduğumuz məkan Milli Dirçəliş Partiyasının prezidentliyə namizədi Fərəc Quliyevin seçki qərargahı oldu. Onu da qeyd edək ki, qərargah MDP-nin mərkəzi aparatında yerləşir.

 

Prezidentliyə namizəd Fərəc Quliyevin seçki qərargahının rəhbəri Bayram Abbasov bildirdi ki, burda Milli Dirçəliş Partiyasının sədr müavinləri, departament və regionlar mərkəzlərin rəhbərləri təmsil olunur. Vətəndaşlar tərəfindən qərargahımıza çox saylı müraciətlər (şifahi və yazılı) daxil olur. Buna da səbəbi Fərəc bəyin debatlarda çıxışıdı”. Bayram bəy onu da qeyd etdi ki, MDP-nin bölgələrdə keçirdiyi görüşlərdə xeyli sayda insan iştirak edib.

 

Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da seçki qərargahına isə sədr müavini Həsrət Rüstəmov rəhbərlik edir. Onu da qeyd edə ki, biz Həsrət bəyin otağına daxil olanda, S. Cəlaloğlu və bir neçə nəfər qarşıdan gələn seçki ilə bağlı fikir mübadiləsi apardıqlarının şahidi olduq. Seçki Qərargahının rəhbəri müxbirimizlə söhbətində bildirdi ki, burda partiyanın İdarə Heyətinin üzvləri və Azərbaycan Demokrat Partiyasının fəalları təmsil olunur. “Seçki Qərargahının 15 nəfərdən ibarət rəhbər heyəti var. İş bölgüsü aparılıb. Respublikanın əksər rayonlarında təbliğat materiallarını yaymışıq. Mətbuatla əlaqələri daha da gücləndirmişik”.

 

H. Rüstəmov onu da bildirdi ki,  prezidentliyə namizəd S. Cəlaloğluna vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər daxil olur.

 

“Seçki Qərargahında hazırda 20-dən çox şəxs çalışır. Onların da hər birinə tapşırıqlar verilib”. Bunu isə prezidentliyə namizəd Araz Əlizadənin seçki qərargahının rəhbəri Təhməz Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan Sosial Demokrat Partiyası və o cümlədən partiyanın sədri A. Əlizadənin seçki qərargahı seçkilərə ciddi hazırlaşır və yaxşı nəticə göstərəcəklərinə ümid edir.

Onu da bildirək ki, qeyd olunan seçki qərargahında cəmi 3 nəfər var idi.

 

Daha sonra üz tutduğumuz məkan ASDP üzbəüz yerləşən Müasir Müsavat Partiyası (partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Hafiz Hacıyevin seçki qərargahı MMP-nin ofisində yerləşir) oldu. Seçki Qərargahında nə prezidentliyə namizəd H. Hacıyevi, nə də Seçki Qərargahının rəhbərini tapa bildik. Bizimlə söhbətində partiya sədrinin ideoloji məsələlər üzrə müavini Təranə Ramazanova bildirdi ki, həm H. Hacıyev, həm də seçki qərargahının rəhbəri hazırda seçicilərlə görüş keçirir: “Bizim qərargahın 50 üzvü var. Seçkilərə ümidimiz böyükdür”.

 

 

  “İşlərimiz yaxşı gedir. Vəkillərin hamısı Qüdrət Həsənquliyevin təbliğatı ilə məşğul olurlar. Rayon şöbələri ciddi təbliğat, təşviqat işi ilə məşğuldur. Mərkəzi Aparatda olanlar müxtəlif tədbir, görüş və mitinqlərin hazırlanması ilə məşğuldur. Son həftə ərzində bir neçə görüşümüz olub. Müxtəlif tapşırıqlar verilir. Bir neçə yerdə namizədimizin şəkilləri cırılmışdı, onların yenidən yapışdırılması ilə bağlı iş gördük”. Bunu BAXCP sədrinin təşkilati işlər üzrə müavini Bünyamin Qəmbərli bildirib. Qeyd edək ki, səhər saatları olmasına baxmayaraq BAXCP-də qələbəlik idi.

 

Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri, Cəmil Həsənlinin seçki qərargahının həmsədri Arif Hacılının sözlərinə görə, təşkilat kampaniyası çərçivəsində fəaliyyətlərini davam etdirirlər: “Cəmil Həsənli Bakı şəhəri və bir sıra regionlarda görüşlər keçirib. Bu görüşlər seçki qərargahı tərəfindən təşkil olunub. Eyni zamanda namizədimizin təbliğatı üçün çap materialları - plakatlar, platformasını əhatə edən kitabçalar, bukletlər çap olunub və respublikanın hər yerinə yayılıb. Tərəfdarlarımız qapı-qapı gəzərək ölkəmizin hər yerində seçiciləri Cəmil Həsənlinin platforması ilə tanış edir və ona səs verməyə çağırırlar. Biz son günlərdən də istifadə edərək Milli Şuranın  vahid namizədinin təbliğatını davam etdirəcəyik”

 

Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin seçki qərargahında da qələbəlik idi. Qərargahın üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Elman Abbasov Lent.az-ın müxbirinə bildirdiyinə görə, kampaniyaya start veriləndən İqbal Ağazadənin seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndə və vəkilləri, Ümid Partiyasının yerli təşkilat fəalları Bakıda, Sumqayıtda, Naxçıvan Muxtar Respublikasında , eləcə də Azərbaycanın bütün bölgələrində seçicilərə namizədin təbliğat-təşviqat materiallarını paylayır, namizədin vəkilləri əhalinin sıx olduğu yerlərdə qruplar halında seçicilərlə yaxın təmasda olurlar. “Artıq 1 milyondan artıq təbliğat-təşviqat materialları paylanıb”.

 

Ləman Mustafaqızı, Anar Məcidzadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1793
avatar

Oxşar yazılar