Səbail məktəblilərin Qubadakı yay istirahəti başa çatıb
14 avqust 2013 14:42 (UTC +04:00)

Səbail məktəblilərin Qubadakı yay istirahəti başa çatıb

Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili  istiqamətində təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsinin təntənəli bağlanış mərasimi keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və rayonun orta məktəblərində təhsil alan şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan 200 nəfər uşaq üçün Quba şəhərinin yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz «Şahinlər» yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bu düşərgə uşaqların xatirində silinməz izlər buraxıb.

 

Uşaqların Qubanın görməli yerlərinə,  rayonun  tarixi guşələrinə, soyqırım qurbanlarının Qubadakı məzarlığına  gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıb. Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən   dərsləri müxtəlif mövzularda məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilib. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində «Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir», «Dağlıq Qarabağ problemi və müasir dünya» mövzularında məşğələlər, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunub.

 

Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları  Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov  və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər. Yeniyetmələr  qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və  istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. 

 

Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstəriblər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  məktəblilər, onların valideynləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar