2013/2014-cü tədris ili təqvim planına əsasən, şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi aprelin 30-da sona çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir. Sistemə bu günə kimi ümumtəhsil müəssisələri tərəfindən 203905 şagird barədə məlumatlar təqdim edilib. Onlardan 185578 şagirdin (91.01%) məlumatları sistemə daxil olunub, 177355 şagirdin (86.98%) məlumatları təsdiq olunub.
Təhsil müəssisələrinin nəzərinə çatdırılıb ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrinin qəbulu yalnız “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatlar əsasında təsdiq edilir. Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.